DTP-ni BDP əvəz edəcək
14 Dekabr 2009 Bazar Ertəsi 19:05
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, DTP üzvləri daha əvvəl qurulmuş Barış və Demokratiya Partiyasına (BDP) keçməyə hazırlaşır.
Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən etnik kürdlərdən ibarət Demokratik Toplum Partiyasının (DTP) üzvlərinin fəaliyyət göstərəcəyi siyasi partiyanın adı bəlli olub. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, DTP üzvləri daha əvvəl qurulmuş Barış və Demokratiya Partiyasına (BDP) keçməyə hazırlaşır. Artıq Şırnak rayonunun Silopi qəsəbəsində DTP ofisinin qapısındakı DTP lövhəsi götürüldükdən sonra yerinə BDP yazılmış lövhə asılıb.
Qeyd edək ki, BDP-nin qurulduğuna dair rəsmi ərizə bu il mayın 3-də Türkiyə Daxili İşlər Nazirliyinə təqdim olunub. Türkiyə qanunvericiliyinə əsasən yeni qurulan siyasi partiya bu ərizəni DİN-ə təqdim etdiyi gündən qanuni fəaliyyətə başlamış sayılır. Partiyaların seçkilərə buraxılıb-buraxılmaması məsələsini isə Yüksək Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) həll edir.
Xatırladaq ki, dekabrın 11-də Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə Demokratik Toplum Partiyasının fəaliyyətinə xitam verilib. Buna DTP-nin dövlətin bütövlüyü və millətin birliyi əleyhinə fəaliyyəti, PKK terror təşkilatı ilə sıx əlaqəsi səbəb olub. APA
DOSTLARINLA PAYLAŞ: