DTP İğdır təşkilatının sədri və Məclis üzvləri həbs olunub
12 Dekabr 2009 Şənbə 11:45
Türkiyə Konstitusiya Məhkəməsinin qərarı ilə fəaliyyətinə qadağa qoyulan Demokratik Toplum Partiyasının (DTP) İğdır təşkilatının sədri Əhməd Barbaros və 5 Məclis üzvü həbs olunub.
APA-nın məlumatına görə, DTP rəhbərlərinin həbsinə səbəb dekabrın 9-da icazəsiz aksiya keçirmələri və PKK terror təşkilatı lehinə şüarlar səsləndirməsidir. Saxlanan şəxslər həmçinin kürdləri iğtişaşlara sövq etməkdə, şəhərdə qarışıqlıq yaratmaqda ittiham olunurlar. Dünən gecə saatlarında təhlükəsizlik qüvvələri DTP İğdır təşkilatının ofisində axtarış aparıb. Axtarış zamanı ofisdən PKK terror təşkilatının fəaliyyəti ilə bağlı çoxlu sənəd, qadağan olunmuş ədəbiyyat və sənədi olmayan bir silah götürülüb. Xatırladaq ki, dekabrın 9-da DTP-nin törətdiyi iğtişaşlarla əlaqədar İğdırda 81 nəfər həbs olunmuşdu. APA
DOSTLARINLA PAYLAŞ: