Dövlət Baxçalı Fətullah Güləni müdafiə etdi
28 Mart 2014 Cümə 23:04
Türkiyə parlamentində təmsil olunan müxalifətçi Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bu dəqiqələrdə mətbuat konfransı keçirir.
ANS PRESS-in məlumatına görə, MHP lideri çıxışı zamanı baş nazir Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. "Baş nazir Ərdoğanın gözünü qan və qəzəb bürüyüb. Məntiqini itirib, yolunu azıb. Baş nazir Ərdoğan özü, ailəsi, yaxınları, yanındakı iş adamları haqqında şübhələri aydınlaşdırmaq yerinə rəddedici bir tövrlə önünə kim gəlirsə, hücum edir, məhkəməni iflic halına gətirib. 17-25 dekabr tarixləri arasında aparılan rüşvət və sui-istifadə istintaqlarından sonra iş yeri dəyişdirilən hakim və prokurorların sayı hələlik 784-ə çatıb. Korrupsiyaya bulaşan kim varsa, mühafizəsi altına alıb. Baş nazir talançılığa milli iradə görüntüsü verməyə çalışır",- deyə Baxçalı vurğulayıb.
Dövlət Baxçalı çıxışı zamanı Ərdoğanın Türkiyə prokurorlarının apardığı dinləmələri dini icma lideri Fətullah Gülənlə bağlamasına da toxunub: “Baş nazir bu mövzunu "Camaat"ın üstünə yıxmaqla özünü təmizə çıxara bilməyəcək. Bu qədər geniş ölçülü bir dinləmənin "Camaat"ın üzərinə yıxılması məntiqsizlikdir. Xarici işlər nazirliyindəki iclasın dinlənilməsi bir problemdirsə, orada danışılanlar da başqa bir problemdir. Bu iclas inkar edilməyib. Bu iclas Türkiyənin təhlükəsizliyini müzakirə etmək əvəzinə hökumətin və baş nazirin təhlükəsizliyini qorumaq üçün bir beyin fırtınası şəklində keçib. Məscidləri bombalayacaqlar, deyərək illərlə Türkiyə ordusu şübhə altında saxlanıb, önəmli komandirlər illərlə həbsxanada saxlanıb”,- deyə MHP lideri vurğulayıb.
Xatırladaq ki, martın 30-da Türkiyədə bələdiyyə seçkiləri keçiriləcək və Dövlət Baxçalının bu mətbuat konfransı seçki kampaniyasının bir hissəsidir.
DOSTLARINLA PAYLAŞ: