Domodedovo bombasında daş olub?
28 Yanvar 2011 Cümə 16:20
Domodedovo hava limanında partlayan qurğunun tərkibində daş və çınqılın olduğu güman edilir.
Rusiyanın paytaxtı Moskvada “Domodedovo” hava limanında partlayış törədilən bomba yalnız metal və məftillərdən deyil, həm də daşlardan ibarət ola bilərdi. ANS PRESS-in məlumatına görə, "Rossiyskaya qazeta" yazıb ki, araşdırma çərçivəsində mütəxəssislərdə bombanın daxilində qranit hissələri, daş və çınqılın ola biləcəyi barədə məlumat olub. Hələlik məlumat rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, anoloji partlayıcı vasitələrdən pakistanlı terrorçular istifadə edir. Qranit qırıntıları çox güclü öldürücü effektə malikdir. Qırıntıları zərərçəkənlərin bədənlərindən çıxarmaq olduqca çətindir.

Ancaq hava limanında baş verən partlayış nəticəsində yaralılar üzərində aparılan əməliyyat zamanı həkimlər onlardan qranit hissələri götürməyiblər. Yaralılarda əsasən metal və plastik qırıqları olub. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Moskva tibb müəssisələrinin əməkdaşları bildiriblər.

Bu arada terror hadisəsində şübhəli şəxs olduğu güman edilən Vitali Razdobudko adlı şəxsin yaxınlarından götürülən DNT analizi onun hadisədə iştirakı versiyasını təkzib edib. “LifeNews”un verdiyi məlumata görə, kamikadzenin şəxsiyyətinin müəyyən edilməsi üçün adıçəkilən şəxsin qohumlarından saç, dəri və qan nümunələri götürülüb. Lakin nəticələr Stavropol əyalətinin sakini olan V.Razdobudkonun partlayışla heç bir əlaqəsi olmadığını üzə çıxarıb.

Qeyd edək ki, rus mətbuatında terror hadisəsi ilə bağlı ilk şübhəli şəxsin tapılması ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, bunun Razdobudko adlı şəxs olduğu iddiaları səslənirdi. Mənbə axtarışda olan şəxsin terrorçu qruplaşmanın üzvü olduğu qeyd edilirdi. Moskva hüquq mühafizəçiləri onu “Domodedovo” partlayışının təşkilatçısı və hətta icracısı olduğunu istisna etmirdilər.

Razdobudko Vitali Yuriyeviçin 1978-ci ildə anadan olduğu, itkin kimi axtarışda olduğu bildirilib. Onun haqqında axtarış ötən ilin noyabrında verilib. Onun "Noqay camaatı" adlı radikal-ekstremist qruplaşmanın üzvü ola biləcəyi də ehtmal olunur.

Xatırladaq ki, "Domodedovo" hava limanının beynəlxalq reyslərin gəlmə terminalında terror aktı yanvarın 24-də saat 16:32 radələrində törədilib. Hadisə nəticəsində 35 nəfər ölüb, 100-dan artıq insan yaralanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar