Doku Umarov sağdır
17 İyun 2009 Çərşənbə 16:00
İnquşetiyanın Sunjen rayonunda zərərsizləşdirilən döyüşçülərin şəxsiyyətləri müəyyənləşdirilib

 

Rusiya Federasiyası İnquşetiya Respublikasının Sunjen rayonunda mayın 21-də öldürülən döyüşçülərin şəxsiyyəti müəyyənləşdirilib. Bu barədə “Rosbalt” portalı Rusiya xüsusi xidmət orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, ölənlər arasında Doku Umarov yoxdur.

“Rəsmi olaraq cəsədlərin tanınması və ekspertizası hələ ki bitməyib, amma biz artıq bu adamların kim olduğunu bilirik. Onlar əsasən Doku Umarovun yaxınlığında olan və Azərbaycan pasportlarına malik şəxslərdirlər. Belə bir informasiya var idi ki, D. Umarovun da belə bir sənədi olub. Amma ölənlər arasında onun da olması ilə bağlı heç bir sübut yoxdur. Bizim informasiyaya görə, Umarov sağdır və bunu operativ informasiyalar da təsdiq edir”, deyə mənbə qeyd edib.

Xatırladaq ki, Rusiya kütləvi informasiya vasitələri mayın 21-də Sunjen rayonunda federal qüvvələrin əməliyyatı nəticəsində D. Umarovun öldürüldüyünü yazmışdı. Bundan başqa, zərərsizləşdirilən döyüşçülərdən birinin Azərbaycan vətəndaşı olduğu bildirilmişdi. Bundan sonra yayılan daha bir məlumata görə, Azərbaycan vətəndaşı Akif Yəhya oğlu Muradov İçkeriya prezidenti kimi tanınan Doku Umarovun şəxsi mühafizəçisi olub. Başqa bir versiyaya görə, guya Doku Umarovun şəxsi mühafizəçilərinin öldürülməsi, Dağıstanın daxili işlər naziri Adilgəray Məhəmmədtahirovun öldürülməsinə cavab olaraq yayılmış bir xəbərdir. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar