Doku Umarov öldürüldümü?
14 Noyabr 2009 Şənbə 10:10
Doku Umarov öldürüldüyü ehtimal olunur. Bu bəyanatla Çeçenistan prezidenti Ramzan Kadırov çıxış edib.
Çeçenistanın Açxoy-Martan rayonunda məhv edilmiş silahlılar arasında çeçen döyüşçülərinin lideri Doku Umarovun olması ehtimalı var. Bu bəyanatla Çeçenistan prezidenti Ramzan Kadırov çıxış edib.
"Daxil olan məlumata əsasən 20-ə yaxın silahlı məhv edilib. Onlardan üçünün şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, Doku Umarovun yaxın köməkçiləri İslam Uspaxadciev, Rustam Akev və Alxazur Başaevdir", deyə Kadırov qeyd edib. Onun sözlərinə görə, qətə yetirilmiş silahlıların çoxunun cəsədləri vertolyotlardan endirilmiş hava zərbələri səbəbindən tanınmaz hala gəlib, ona görə də tibbi ekspertiza keçirilməyənə qədər Umarovun həqiqətən də öldüyünü təsdiq etmək mümkün olmayacaq. Çeçenistan prezidentinin fikrincə, silahlıların liderinin sağ qalması haqqında fikir yürütmək üçün heç bir əsas yoxdur.
"İnterfaks" xəbər agentliyinin yaydığı məlumata görə, hazırda Çeçenistanın cənub-qərbindəki Şalaji kəndində silahlıların məhv edilməsi istiqamətində əməliyyat aparılır. Qeyri-qanuni hərbi birləşmələrin gizləndiyi yerlər vertolyotlardan atəşə tutulub. Bundan sonra isə Daxili İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları və "Şimal" batalyonunun hərbiçiləri quru əməliyyatlarına başlayıb. Kadırovun sözlərinə görə, ilk nəticələr əməliyyatın uğurla aparılmasından xəbər verir.
Xatırladaq ki, bu ilin iyun ayında da Aşağı Alun kəndində keçirilən xüsusi əməliyyat zamanı Doku Umarovun qətlə yetirilməsi barədə xəbərlər yayılmışdı. Lakin sonrakı məlumatlara görə, Umarovun şəxsi cangüdəninin məhv edildiyi bildirilmişdi. İyul ayında isə Kadırov Umarovun sağ qaldığı barədə məlumat verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: