Devid Kemeron: “Avropa İttifaqı Türkiyəsiz güclənə bilməyəcək”
27 İyul 2010 Çərşənbə Axşamı 15:00
Britaniya baş naziri Devid Kemeronun Türkiyəyə səfəri başlayıb.
Böyük Britaniyanın baş naziri Devid Kemeronun Türkiyəyə səfəri başlayıb. Ötən gün axşam saatlarında Ankaraya gələn britaniyalı nazir türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Aparılacaq danışıqlardan sonra Türkiyə ilə Böyük Britaniya arasında strateji əməkdaşlıq barədə sənədin yenilənməsi gözlənilir.
Qeyd edək ki, sözügedən sənəd 2007-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniyaya səfəri zamanı imzalanıb. Kemeronu səfərdə xarici işlər naziri Uilyam Xeyq müşayiət edir. İngilis hökumətinin başçısı Türkiyənin Avropa Birliyinə də üzvlüyünü dəstəklədiklərini bildirib.
Böyük Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, ortaq hədəfləri Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə şübhə edənləri bu fikirdən daşındırmaq və Türkiyənin Aİ-nin üzvü olmasının vacibliyini onlara izah etməkdir.
“Ortaq hədəfimiz Türkiyənin Avropa İttifaqına üzvlüyünə şübhə edənləri bu fikirdən daşındırmaqdır. Düşünürəm ki, tənqidçilər yanılırlar. Çünki Türkiyə ilə ticarət əlaqələrini genişləndirən ölkələr bundan qazanıblar. İtirənlər Türkiyə ilə ticarəti artırmayanlardır. Qütbləşənlər də xətalıdır, Türkiyənin Şərq və ya Qərb ölkəsi olmasını qabartmaq lazım deyil. İslam burada problem deyil. Avropa İttifaqı Türkiyəsiz olarsa, daha güclü olmayacaq”, - deyə Kemeron söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: