Deputatlar Strasburqa gedir
26 Sentyabr 2009 Şənbə 16:45
Onlar AŞ PA-nın payız sessiyasında iştirak edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə bir qrup millət vəkili AŞPA-nın payız sessiyasında iştirak etmək üçün bu gün Fransanın Strasburq şəhərinə yola düşəcəklər. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlardan Gültəkin Hacıbəyli, Aydın Mirzəzadə, Rafael Hüseynov, Sabir Hacıyev və Qənirə Paşayeva daxildirlər.
Sentyabrın 28-də öz işinə başlayacaq təşkilatın sessiyasında Albaniyada, Bolqarıstanda və Moldovada parlament seçkiləri ilə bağlı hesabat dinləniləcək, Rusiya-Gürcüstan münasibətləri, Moldovada demokratik təsisatların fəaliyyəti, iqlim dəyişikliyinin yaratdığı fəsadlar, mədəniyyətlərarası anlaşma, Avropa Şurasının gələcək fəaliyyəti ilə əlaqədar müzakirələr aparılacaq. Bir sıra təşkilati məsələlərə baxılacaq.
Tədbirdə Milli Məclisin deputatları müzakirə olunacaq məsələlər barədə fikirlərini açıqlayacaq, öz münasibətlərini bildirəcəklər. Səfər oktyabrın 4-də başa çatacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar