Demokratik açılım Türkiyəni laxladıb
17 Noyabr 2009 Çərşənbə Axşamı 22:30
Demokratik açılım Türkiyəni laxladıb. Ölkə siyasətçiləri heç cür ortaq məxrəcə gələ bilmir.
Türkiyədə parlamentin müzakirəsinə çıxarılan “Demokratik açılım” layihəsi Türkiyə cəmiyyətini və siyasətini laxladıb. Ölkə müxalifəti etnik kürdlərə Türkiyə daxilində mədəni muxtariyyətin verilməsini nəzərdə tutan bu layihənin ölkənin əsaslarına zidd olduğunu bildirir və hökuməti bu yoldan çəkinməyə çağırır.
Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı baş naziri İmralıda ömürlük həbs cəzası çəkən Abdulla Öcalanla birlikdə Türkiyəni bölməyə yönələn layihə üzərində işləməkdə ittiham edib. Dövlət Baxçalı partiyasının toplantısında bəyan edib ki, baş nazir bu yoldan çəkilməsə, xalqın ciddi etirazı ilə qarşılaşacaq və ölkəni tərk etmək məcburiyyətində qalacaq. Onun sözlərinə görə, baş nazirin həyata keçirdiyi Atatürk prinsiplərinə zidd siyasət əslində xaricdən idarə olunur və Türkiyəni uçuruma sürükləyir.
"Demokratik açılım" layihəsinə etiraz olaraq Türkiyə baş nazirinin çıxışı zamanı parlament zalını tərk edən Cümhuriyyət Xalq Partiyasının rəhbəri Dəniz Baykal da Dövlət Baxçalını dəstəklədiyini söyləyib. Onun fikrincə, rəsmi Ankara Türkiyə-Ermənistan yaxınlaşmasını təmin etməklə siyasi səhv edir.
Hakim Ədalət və İnkişaf partiyasının baş katibinin köməkçisi Hüseyn Çelik isə deyib ki, Ermənistanla münasibətlərin normallaşması və "demokratik açılım" Türkiyə dövlətinin uzun müddətdən bəri həyata keçirmək istədiyi bir layihədir. Türkiyə diplomatiyası qarşısında 3 böyük problemin - Kipr məsələsi, PKK terroru və erməni diasporunun təxribatı durduğunu xatırladaraq AKP hökumətinin onların öhdəsindən gələcəyini bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıc isə ölkəsi ilə Ermənistan arasında sərhədlərin açılması məsələsinin qapandığını söyləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: