Dələduz dövlət
17 Dekabr 2009 Cümə Axşamı 03:30
Dələduz dövlət. Rusiya Nauruya əhalinin hər nəfərinə 3500 dollar hesabı ilə pul verib.
Kreml özünün ortaya çıxartdığı separatçı rejimləri tanıtdırmaq üçün daha bir oyuncaq ölkə tapdı: Nauru Respublikası. Sakit okeanın qərbində yerləşən bu cırtdan ölkəni çox az adam tanıyırdı. Çoxlarımız onun adını Abxaziya və Cənubi Osetiya separatçı rejimlərini tanıyandan sonra eşitdik.

Amma onun adını dünya siyasətini izləyənlər tanıyırlar. Sən demə, Nauru dünyada dələduz ölkə kimi ad çıxarıb. Bu dələduzluğun tarixi uzun illər əvvələ gedib çıxır. O vaxt Naurunun intriqalarının qurbanına Çin çevrilib. Vaxtilə bu ölkə Çindən 130 milyonluq yardım qarşılığında Tayvanla əlaqələri kəsib. Lakin bundan cəmi üç il sonra Nauru Respublikası mövqeyini 180 dərəcə dəyişib. Çin isə hələ o vaxt bəyan edib ki, Nauru yalnız maddi faydada maraqlıdır.

İndi növbə Rusiyanındır. Əslində, bu, Kremlin diplomatik uğuru kimi yox, biabırçılığı kimi qiymətləndirilməlidir. Separatçı rejimləri dünyaya tanıda bilməyən Rusiya o vəziyyətə qalıb ki, Naurunun pullu xidmətlərindən yararlanmaq məcburiyyətindədir. Çünki Moskvanın Cənubi Osetiya və Abxaziya layihələri beynəlxalq dəstək qazanmadı. Əksinə, dünya ölkələri Gürcüstan ərazilərinin zorla parçalanması hesabına yaradılan qondrama “ölkə”ləri tanımaqdan imtina etdi. Bir daha isbat olundu ki, dünyada mübahisələrin həllində rəhbər tutulan başlıca prinsip ölkələrin ərazi bütövlüyüdür. “Xalqların öz müqəddəratını təyin etməsi” deyilən prinsip isə separatçı rejimlərin özləri kimi qondarma ideyadan başqa bir şey deyil. Əgər bu qondarma ideya beynəlxalq hüquqda əsas prinsip kimi qəbul ediləsi olsa, sabah çoxmillətli ölkələrdən daha birinin separatçılıqla üzləşməyəcəyinə təminat yoxdur. Yeri gəlmişkən, dövlətlərin ərazi bütövlüyünün dünya ictimaiyyəti tərəfindən başlıca prinsip kimi qəbul edilməsi Azərbaycanın da maraqlarına uyğundur. Çünki “xalqların öz müqəddəratını təyin etməsi” qondarma prinsipindən yararlanmağa çalışanlardan biri də rəsmi İrəvandır.

Nauru Respublikasının ərazisi 21,3 kv.km., əhalisi 14 min nəfərdir. Ölkə müstəqilliyini 1968-ci ildə elan edib. Nauru dünyanın ən kiçik ada dövləti, Avropadan kənarda isə ən kiçik müstəqil ölkədir. Yeganə dövlətdir ki, rəsmi paytaxtı yoxdur. Rusiya Abxaziya və Cənubi Osetiya separatçı rejimlərini tanınması müqabilində bu “cırtdan”a 50 milyon dollar ayırmağa razılaşıb. Bu vəsait Nauru üçün çox böyük məbləğbir. Bü vəsaitdən Nauruda adambaşına 3 571 dollar düşür. Nəzərə alsaq ki, ölkənin əhalisi səfalət içərisində yaşayır, o zaman 50 milyon dolların “göydən” düşməsi heç də pis deyil. Bir məqamı da qeyd etməyə ehtiyac var. Bu ilin sentyabrında BMT Baş Assambleyası Abxaziya və Cənubi Osetiyadan olan məcburi köçkünlərlə bağlı qətnamə qəbul etdi. O vaxt Rusiyanın nəzarətində olan ölkələr, o cümlədən, Ermənistan qətnamənin əleyhinə səs vermişdi. Amma bu ölkələr arasında Nauru yox idi. Həmin Naurunun BMT-dəki nümayəndəsi səsvermədə iştirak etməmişdi. Görünür, üç ay əvvəl Rusiya-Nauru alveri hələ başa çatmayıbmış.

Kreml bununla təhlükəli tendensiyanın əsasını qoyur. Nauru kimi ölkələr istənilən separatçı rejimi pul qarşılığında tanıya və tanımaya bilər. Yəni, belələri üçün diplomatiya anlayışı alver təfəkküründən o yana keçmir. Cənubi Osetiya və Abxaziyanı daha on ölkənin tanıyacağı gözlənilir. Görünür, Rusiya hakimiyyəti dünya xəritəsini eşələyə-eşələyə satın alınası daha bir neçə ölkə tapıb. Bu ölkələrin xidmətlərindən sabah başqalarının da istifadə edəcəyi istisna deyil. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar