Ded Xasanın mirası uğrunda müharibə başlayır
11 Aprel 2013 Cümə Axşamı 10:56
Münaqişənin mərkəzində Dmitriy Çanturiya və Eduard Asatryan dayanır.
Rusiyada məşhur “qanuni oğru” Ded Xasanın (Aslan Usoyan) ölümündən sonra kriminal aləmdə "müharibə" başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, münaqişənin mərkəzində Ded Xasanın qardaşı oğlu Dmitriy Çanturiya və Eduard Asatryan dayanır.
Onların hər ikisi 2013-cü ilin yanvarında öldürülmüş Aslan Usoyanın mirasına, əsas da Krasdonar vilayətinə iddia edirlər.
Mart ayında onlar arasında açıq şəkildə mübarizə başlandığı xəbər verilir. Çanturiyanın klanı ilə Asatryan arasında Moskvada avtoservislərin birində 100-ə yaxın silahlı qanqsterin iştirak etdiyi “görüş” olub. Atışmadan çəkinən tərəflər arasında əlbəyaxa mübarizə başlayıb və Çanturiyanın adamlarının üstünlük qazandığı bildirilir.
“Rosbalt”ın verdiyi məlumata görə, indi hər iki düşmən tərəf bir-birini sıxışdırıb çıxarmağa çalışır. Məlumat verən mənbənin bildirdiyinə görə, tezliklə tərəflər arasında atışmaların da olacağı istisna edilmir.
Xatırladaq ki, Ded Xasan snayperlə yanvar ayının 16-da Moskvada “Starıy fontan” restoranından çıxarkən vurulub. Ona 6 güllə açılıb və bunlardan biri kriminal avtoritetin başına dəyib.
DOSTLARINLA PAYLAŞ: