Davudoğlu: “Biz nüvə silahının yayılmasına qarşıyıq, lakin…”
25 İyul 2010 Bazar 16:40
Türkiyə və Braziliyanın XİN rəhbərləri mətbuat konfransı keçirib.
Bu gün İran, Braziliya və Türkiyənin xarici işlər nazirləri Manuçöhr Mottaki, Selso Amorium və Əhməd Davudoğlu İstanbulda bir araya gəlib. Hazırda diplomatlar İrana məxsus uranın Türkiyə ərazisinə mübadiləsinə dair may ayında imzalanmış üçtərəfli razılaşmanı müzakirə edirlər. İranın XİN rəhbəri Manuçöhr Mottaki ilə görüşdən əvvəl Əhməd Davudoğlu və Selso Amorium birgə mətbuat konfransı keçirib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, “İranın nüvə proqramı ilə bağlı məsələdə biz həm Türkiyə, həm Braziliya olaraq bunun diplomatik yollarla həll edilməsi üçün əlimizdən gələni bir il ərzində etdik”.
“Biz bunu gələcəkdə də davam etdirəcəyik. Bizim bu cəhdlərimizin məqsədi əsasən, İranla “5+1” dövlətləri arasında danışıqlara yardım etmək və töhvə verməkdir. İranın nüvə proqramı ilə bağlı 2 ölkənin mövqeyi ortaqdır. Biz nüvə silahlarının yayılmasına qarşıyıq, amma hər bir ölkənin MAQATE ilə razılaşdırılmış şəkildə nüvə texnologiyalarını əldə etmə və inkişaf etdirmə hüququnun olmasına inanırıq”, - deyə Əhməd Davudoğlu bildirib.
“Biz Tehran anlaşması ilə İranın nüvə məsələsinə bir yardım etdiyimizi düşünürük. Bizim köməyimiz çətin bir məsələnin həllindən ibarətdir”. Bu sözləri isə mətbuat konfransında çıxışı zamanı Braziliyanın xarici işlər naziri Selso Amorium deyib.
O bildirib ki, bir çoxları bu işin alınmayacağını deyirdilər və buna şübhə ilə yanaşırdılar, onlar deyirdilər ki, bu, problemi həll etməyəcək.
“MAQATE başda olmaqla bir çox beynəlxalq təşkilatların rəhbərləri Tehran anlaşmasının məsələnin həllinə yardım etməyəcəyini desələr də, biz yolumuzu davam etdirdik və düzgün yolda olduğumuzu gördük. Amma bu çətin yoldur. Bunun üçün təkcə xoş niyyət kifayət etmir. Gələcək üçün müzakirələri davam etdirməliyik. Türkiyə və Braziliya Tehran anlaşmasına inanır. Biz yeni dünya düzəni yaratmağa çalışırıq”, - deyə o əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: