Daşqınların əlində çarəsiz qalan ölkələr
12 Avqust 2010 Cümə Axşamı 22:50
Çin, ABŞ, Polşa və Çexiyada vəziyyət ağırlaşır.
Dünyanın bir çox bölgələrində aramsız yağışlar və daşqınlar xeyli sayda insanın ölümünə və həyatın iflic olmasına səbəb olub.

Çin hökuməti ölkənin şimal-qərbində baş vermiş daşqın və torpaq sürüşmələrində 1117 nəfərin öldüyünü təsdiqləyib. Daha 627 nəfər itkin düşmüş hesab edilir. 45 mindən çox insan təbii fəlakət zonasından evakuasiya olunub. Qansu vilayətində daşqın nəticəsində bütün binalar dağılıb. Yüzlərlə evi olan 3 kənd tamamilə palçığın altında qalıb. Fəlakət zonasında epidemiyaların başlaması ehtimalı böyükdür. Təbii fəlakət qurbanlarının sayının hələ də artacağı ehtimal edilir. Hazırda Çinin şimal-qərbində yenidən leysan yağışları yağmağa başlayıb, meteoroloqlar yaxın günlərdə yeni torpaq sürüşmələrinin ola biləcəyini istisna etmirlər.

Birləşmiş Ştatların Ayova ştatında da güclü daşqın baş verib. Təbii fəlakət nəticəsində 1 nəfərin öldüyü, 10 minlərlə insanın evakuasiya edildiyi bildirilir. Təkcə ştatın Eyms şəhərində 55 min insan öz evini tərk etməli olub. Sel suları şəhərin küçələrini basıb. Ştatın Kolfaks şəhərində isə sel sularının səviyyəsi rekord həddə - 6,7 metrə çatıb. Ştatın ərazisində daşqınlara 3 gün ərzində aramsız yağan yağışlar səbəb olub. Bölgədə yağışların hələ1-2 gün də davam edəcəyi proqnozlaşdırılır. Ştatda çoxsaylı çayların daşması nəticəsində federal əhəmiyyətli yollar da daxil olmaqla, onlarla magistral yol bağlanıb.

Polşada isə ölkədə tüğyan edən daşqınlar nəticəsində artıq 4 nəfər ölüb. Avqustun 7-də başlamış musson yağışları ölkədə çayların səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub. Polşanın 2 şəhəri - Boqatınya və Zqojeleçi su basıb.

Çexiyada daşqınların ölkəyə vurduğu ziyan 160 milyon dollar dəyərində qiymətləndirilir. Hazırda ölkə epidemiya təhlükəsi ilə üzləşib. Belə ki, daşqınlar içməli su mənbələrini çirkləndirərək, yararsız hala gətirib. Hökumət əhalini şəxsi su mənbələrindəki sudan istifadə etməməyə çağırıb. Yerli poliklinikalara mədə-bağırsaq infeksiyaları və zəhərlənmə ilə daxil olanların sayı artıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar