Daşnaksütyun Sarkisyanı istefaya çağırdı
24 Dekabr 2010 Cümə 11:25
“Ölkənin düzgün yolla getməsi və büdrəmədən inkişaf etməsi üçün bütün sistem dəyişdirilməlidir”
Ermənistanın “Daşnaksütyun” partiyasının üzvü Armen Rustamyan ölkə hakimiyyətinin 2010-cu ildə apardığı daxili və xarici siyasətin müvəffəqiyyətsiz olduğunu hesab edir. ANS PRESS-in “Armenia Today”ə istinadən verdiyi xəbərə görə, partiya nümayəndəsi “Azadlıq” radiosunun Ermənstan bürosuna verdiyi müsahibədə bildirib ki, 2010-cu il, 2009-cu ildə erməni-türk münasibətlərinin nizamlanması üzrə “futbol diplomatiyası” ilə başlanan müvəffəqiyyətsizliyin nəticələri ili oldu.
Onun fikrincə, bu il yeganə müsbət məqam cari ilin yanvar ayının əvvəlində Ermənistan Konstitusiya Məhkəməsinin erməni-türk protokolları ilə bağlı qəbul etdiyi qərar olub.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə toxunan Rustamyan bir tərəfdən Madrid prinsiplərinin açıqlanmasını alqışlayıb, digər tərəfdən isə onları erməni tərəfi üçün faydasız hesab edib.
O daxili siyasətin iflasından danışaraq əsas diqqəti sosial-iqtisadi proseslər və koalisiya qüvvələrinin 2008-ci ildə imzalanan əsas sazişin 22 prioritetindən boyun qaçırması ilə bağlı vəziyyətə yönəldib.
“Demokratiyaya gəldikdə isə, Ermənistanda demokratiyanın əvəzinə plutokratiya kök atıb”, - deyə o bildirib.
Rustamyan həmçinin qeyd edib ki, gələn ilin əvvəlində ən mühüm məsələ seçki sisteminin islahı olacaq.
“Xalqın seçkilərə münasibətdə etibarının artırılması üçün əsas yaradacağıqmı? Yaratmayacağıqsa, o zaman ötən seçkilərdə əldə etdiyimiz nəticələr olacaq”, - deyə o bildirib.
2010-cu ilin birinci yarısında Ermənistan xarici işlər nazirinin istefasını tələb edən partiya, bu gün artıq hakimiyyətin dəyişdirilməsi və sistemli dəyişikliklər tələbi ilə çıxış edir.
“Biz daha qlobal vəzifələri qarşıya qoymuşuq – hakimiyyətin dəyişdirilməsi, yəni prezident, parlament və hökumətin dəyişdirilməsi. Ölkənin düzgün yolla getməsi və büdrəmədən inkişaf etməsi üçün bütün sistem dəyişdirilməlidir”, - deyə Rustamyan bildirib.
DOSTLARINLA PAYLAŞ: