Daşnaklar növbəli aclığa başladılar
16 Sentyabr 2009 Çərşənbə 11:20
Onlar Edvard Nalbandyanın istefasını tələb edirlər
Ermənistanda “Daşnaksütyun” partiyası dünən axşamdan paytaxt İrəvanın mərkəzində etiraz aksiyasına başlayıb. Partiya üzvləri Ermənistan-Türkiyə protokoluna etiraz edirlər və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edirlər. 50-ə yaxın adam hökumət evinin, 24 nəfər isə Xarici İşlər Nazirliyinin qarşısına gedərək aclığa və oturaq akisyaya başlayıb. Onların sözlərinə görə, aksiya sentyabrın 28-nə qədər davam edəcək.
Qeyd edək ki, aksiyaya İrəvan meriyası icazə verməyib. İştirakçılar növbəli sistemlə aclıq edəcəklər. Hər bir iştirakçı 1 sutka ac qalacaq.
Xatırladaq ki, Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir ki, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq və sonra iki ölkə parlamentinin müzakirəsinə veriləcək iki protokol imzalanacaq. Hər iki protokol ikitərəfli münasibətlərin normallaşması üçün əsas yaratmalıdır. Tərəflər protokolların parlamentlər tərəfindən təsdiqlənməsinə səy göstərəcəklər.
Ermənistan prezidenti Serj Sarkisyan oktyabrın 14-də Türkiyəyə səfər etməli və Türkiyə-Ermənistan futbol millilərinin cavab oyununu izləməlidir. Ankarada hesab edirlər ki, bu səfər iki ölkə arasında münasibətlərin normallaşdırılmasına yardım edəcək. Lakin Serj Sarkisyan rəsmi Ankara qarşısında şərt qoyur. O bəyan edib ki, Türkiyəyə yalnız sərhədlər açıldıqdan sonra səfər edə bilər.
DOSTLARINLA PAYLAŞ: