Daşnaklar E. Nalbandyanın istefasını tələb edirlər
26 Avqust 2009 Çərşənbə 03:00
“Ermənistan Dağlıq Qarabağ danışıqlarında istənilən güzəşti rədd etməlidir”
Ermənistanın “Daşnaksütyun” partiyası xarici işlər naziri Edvard Nalbandyanın istefasını tələb edir. ANS PRESS, “Panarmenian.net” intirnet saytına istinadən xəbər verir ki, partiyanın sentyabrın 2-də Dağlıq Qarabağ separatçı rejiminin müstəqilliyini elanetməsinin ildönümünə həsr olunmuş mitinqlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, rəsmi İrəvan danışıqların fəallaşdığı dövrdə istənilən güzəşti rədd etməli, Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirakı tələbini irəli sürməlidir.
Daşnaklar hesab edirlər ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində ciddi təhlükələr qalmaqdadır: “Gözlənilən futbol oyunu (Türkiyə-Ermənistan millilərinin qarşılaşması) ərəfəsində Türkiyənin maraqlarına xidmət edən danışıqların dayandırılmasını tələb edirik. Türkiyənin Ermənistanı güzəştlərə məcbur etməklə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsinə imkan verilməməlidir”.
Partiyanın bəyanatında o da deyilir ki, xarici işlər naziri Edvard Nalbandyan istefa verməlidir.
DOSTLARINLA PAYLAŞ: