Daha 3 ölkə
12 Mart 2012 Bazar Ertəsi 11:14
Bunlar İspaniya, Portuqaliya və İsveçdir.
Daha 3 ölkə "Eurovision 2012" təmsilçisini seçib. ANS PRESS-in "eurovision.az" saytına istinadla verdiyi məlumata görə, Rumıniyanı mayda Bakı səhnəsində Mandinga təmsil edəcək. Rumıniyanın Milli Finalında 15 iştirakçı mübarizə aparıb. Nəticədə Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Mandinga Bakıda "Zaleilah" adlı mahnıyla çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq. Finalın xüsusi qonaqları qismində Fransa və İrlandiyanın builki təmsilçiləri çıxış ediblər.

Rumıniya "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq.



İsveçdə də bu ölkənin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisinin seçildiyi məşhur "Melodifestivalen"in finalı keçirilib. İsveçi Bakıdakı Eurovision şousunda Mərakeş əsilli Loren "Euphoria" adlı mahnı ilə təmsil edəcək.

Mahnının müəllifləri Thomas Gusatfsson və Peter Boströmdur. Maraqlı məqam ondadır ki, Thomas İspaniyanın "Eurovision 2012" təmsilçisi Pastora Solerin də mahnısının müəllifidir. Peter isə Norveçin builki təmsilçisi Toojinin mahnısı üzərində işləyib.

İsveç 57-ci Eurovision Mahnı Müsabiqəsində mübarizəyə ikinci yarımfinaldan qatılacaq. Qeyd edək ki, İsveç bu məşhur müsabiqənin 4 dəfə qalibi olub. Ötən il isə Eric Saade "Popular" adlı mahnı ilə ölkəsinə 3-cülük qazandırıb.



Portuqaliya "Eurovision"da Filipa Sousa adlı müğənni təmsil etmək şansı qazanıb. Martın 10-da paytaxt Lissabonda ölkənin "Eurovision 2012" təmsilçisini seçmək üçün Milli Final keçirilib. Finalın nəticələrinə əsasən, müsabiqədə bu ölkə adından Filipa Sousa "Vida Minha" ("Mənim həyatım") adlı mahnı ilə çıxış edəcək.

Ümumilikdə, müsabiqədə iştirak etmək üçün 400 nəfər müraciət edib ki, onlardan 12-si finala keçib. Müsabiqənin maraqlı tərəflərindən biri isə o idi ki, bütün mahnılar fado üslubunda ifa olunub. Qeyd edək ki, Portuqaliyanın milli musiqisi sayılan fado bu il UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

Qalib mahnının müəllifi əslən Xorvatiyalı Andrey Babiçdir. Məhz bu müəllif 2008-ci ölkənin Eurovision təmsilçisi Vania Fernandeşə fado üslubunda mahnı yazıb. Bundan əlavə, A.Babiç iki dəfə Sloveniya, bir dəfə Xorvatiya, eləcə də Bosniya və Herseqovinanın Eurovision təmsilçisi üçün mahnı yazıb.

Portuqaliya təmsilçisi Bakıda mayın 24-də keçiriləcək ikinci yarımfinalda mübarizəyə qoşulacaq.





DOSTLARINLA PAYLAŞ:

oyunlar