Dağlıq Qarabağa qanunsuz turist səfərlərinin qarşısı alınıb
07 Yanvar 2011 Cümə 10:05
İşğal olunmuş ərazilərə planlaşdırılan səfərlərin qarşısı Azərbaycanın Londondakı səfirliyinin səyləri nəticəsində alınıb
Böyük Britaniyanın “Regent Holidays” turizm şirkəti tərəfindən cari ilin avqustunda Dağlıq Qarabağa planlaşdırılan turist səfərlərinin qarşısı alınıb. Səfərlərin qarşısı Azərbaycanın Londondakı səfirliyinin səyləri nəticəsində almaq mümkün olub. Cənubi Qafqazın üç dövləti ilə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”na da ilk dəfə olaraq turist səfərlərinin təşkil olunacağı ilə bağlı məlumat əldə edən səfirlik “Regent Holidays” şirkəti ilə əlaqə yaradıb. Səfərlərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin pozulması kimi qəbul ediləcəyini vurğulanıb.
Səfirlikdən AzərTAc-a verilən məlumata görə, bununla yanaşı, şirkətin rəhbərliyinin diqqətinə beynəlxalq ictimaiyyətin, xüsusilə də Böyük Britaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi çatdırılıb. Böyük Britaniyanın ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyi bildirilib, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa icazəsiz səfərlərin qəbuledilməz olduğu, bunu edən şəxslərin gələcəkdə Azərbaycana səfər etmək imkanından məhrum olacağı vurğulanıb.
Görülmüş işlərin nəticəsində şirkətin rəhbərliyi nəazərdə tutulmuş turist səfərlərinin ləğv edildiyini, internet səhifələrində isə yerləşdirilmiş müvafiq elanların çıxarılacağını bildirib.
DOSTLARINLA PAYLAŞ: