Dağıstanda dəmiryolunda partlayış
04 Fevral 2011 Cümə 11:10
Gecəni qatarlarda keçirən sərnişinlər qida məhsulları ilə təmin olunublar
Rusiya Federasiyası Dağıstan Respublikasının Tarumov rayonunda dünən axşam dəmir yolu xətti ilə hərəkət edən yük qatarının yolunda partlayış olub. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Partlayış səbəbindən Kizlyar və Artezian stansiyalarında 6 sərnişin qatarının hərəkətində 8 saat gecikmə olub. Hərəkəti ləngiyən qatarlar arasında “Mahaçqala-Moskva” (Hər iki istiqamətdə), “Bakı-Tümen” (Hər iki istiqamətdə), “Həştərxan-Qroznı”, “Mahaçqala-Həştərxan” qatarlarının olduğu bildirilir. Ümumilikdə 6 sərnişin və 6 yük qatarının hərəkəti dayanıb. Gecəni qatarlarda keçirən sərnişinlər qida məhsulları ilə təmin olunublar.
“Təmir-bərpa işləri 08:30-da (Bakı vaxtı ilə 09:30) tamamlanıb, ləngiyən qatarlar isə təyinatı üzrə hərəkətə başlayıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, partlayış nəticəsində dəmir yolunun 80 santimetri sıradan çıxıb.
DOSTLARINLA PAYLAŞ: