Dağıstanda dəmiryolu partladılıb
13 Noyabr 2009 Cümə 13:30
Bakı-Xarkov qatarının hərəkəti dayandırılıb
Dağıstanda dəmiryoluna qurşadırılmış bomba partlayıb. Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidməti İdarəsinin ictimaiyyətlə əlaqələr xidmətinin məlumatına görə, hadisə bu gün təxminən saat 11.00-da baş verib. Bomba, partlayıcı qurğu mühəndislərinin onu zərərsizləşdirməyə başlamasından əvvəl işə düşüb. Partlayış nəticəsində xəsarət alan olmasa da, dəmiryolunun bir hissəsi dağılıb. İlkin məlumata görə, partlayış baş verən yerdən bir az aralıda daha bir partlayıcı qurğu tapılıb.

Hadisə Şimali-Qafqaz dəmiryolunun Qayakənd və Berikey yaşayış məntəqələri arasındakı hissəsində baş verib. Bomba bu gün səhər saat 8:00 radələrində yol baxıcıları tərəfindən aşkar edilib.
Hazırda dəmiryolunda qatarların hərəkəti dayandırılıb. Mahaçqala dəmiryolu vağzalından verilən məlumata görə, hazırda Bakı-Xarkov qatarı Qayakənd dəmiryolu stansiyasında saxlanılıb. Mahaçqala-Dərbənd qatarının səfəri isə ləğv edilib.

Xatırladaq ki, noyabrın 11-də Dağıstanda Mozdok-Qazıməmməd qaz kəməri partladılmışdı. Nəticədə hadisənin baş verdiyi yerdə boru xəttində yarıq əmələ gəlib. Nəticədə yaxınlıqdakı qəsəbə, eləcə də Mahaçqalanın bir hissəsinə qazın verilişi dayandırılmışdı. "Qazpromtransqaz-Mahaçqala" şirkətinin yaydığı məlumata görə, Qazıməmməd qaz kəmərinin Dağıstandan keçən hissəsində təmir işləri başa çatıb və Mahaçqalaya tam həcmdə mavi yanacağın verilişi bərpa olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar