Ölkədə çörəyin qablaşdırılmasına niyə əməl edilmir?
Qonşu ölkəmiz Türkiyədə çörək sahəsində yeniliklər tətbiq olunub. Gələn ayın birindən etibarən çörəyi açıq şəkildə satmaq, ona açıq əllə toxunub təzəliyini və istiliyini yoxlamaq, harda gəldi çörək satmaq qanunla qadağan olunacaq. Buna görə mağazalarda “çörəyi əlinizlə deyil, gözünüzlə seçin” şüarları yer alacaq. Qoyulan qanuna əməl etməyən çörək istehsalçılari, mağaza satıcıları isə 800-1000 manatdan az olmayaraq cərimə olunacaq. Bu qonşu ölkəmizdə bərəkətə verilən dəyər. Bəs, bizim dəyərlər nəyi diktə edir? Çörəyin əhəmiyyətli bir qida olması onun hazırlanmasında əvvəldən sonacan izlənməsini və nəzarətini tələb edir.
Bunu mütəxəssislər deyir və əlavə edirlər ki, bu sahədə çalışan kadrların azlığı da işə əngəl törədən məsələlərdəndir. Yəni torpaqda yetişdirilən buğdanın əkilməsindən başlayaraq ta istehlakçının süfrəsinə qədər olan zəncirvari ardıcıllığın istənilən mərhələsində qaydaların pozulması mümkündür. Necə ki, bu baş verir. Gündəlik istifadə etdiyimiz çörəkləri bəzən daşınma üçün nəzərdə tutulmayan avtomobillərin yük yerlərində ehtiyat yanacaq şüşəsi , ehtiyat hissələrlə birlikdə dükanlara gətirildiyini görmək mümkündür. Evdə artıq istifadəyə yarasız olan adyalların arasında bükülmüş çörəklərə də rast gləmək mümkündür.
Hələ özlərinin latok adı verdikləri yeşiklərin çörəyi avtomobildən satış məntəqəsinə daşınarkən nə kimi toz və çirkabdan qorunmasının özü də şübhə doğurur. Bu cür hallardan qorunması üçün ilk növbədə çörəyin qablaşdırılması vacibdir. Əslində ölkənin milli çörək standartı qəbul olunub. Və burda hər bir çörək məmulatının istehsalı və qablaşdırılması, saxlanma şəraiti və digər tələblər öz əksini tapib. Ancaq paytaxtın əksər dükanlarında satılan çörəklərə diqqət yetirsək milli çörək standartlarının çərçivəsindən xeyli kənarda olduğunu görmək mümkündür. Azad İstehlakçılar Birliyinin eksperti Sənan Kərimov deyir ki, əslində bir mənalı şəkildə bütün çörəklər qablaşdırılmalıdır fikri yanlışdır. Çünki, bəzi çörək məmulatları var ki, standartlara görə onların paketlənməsi yox, sadəcə yarım qapalı şəraitdə saxlanması şərtdir. Əks təqdirdə bu çörəklərdə yapışqan kimi bildiyimiz kartof xəstəliyinin yaranması qaçılmazdır.
Bəs görəsən insanların gündəlik ən çox istifadə etdikləri hansı növ çörəklərdir? Onlar daha çox qablaşdırılmış insan əli dəymədən hazırlanan yoxsa açıq şəkildə satılan çörəklərə üstünlük verilər? Satıcılar da şəhər sakinləri arasında pəhriz saxlayan və səhhətində problem olan alıcıları çıxmaq şərtilə əksəriyyətin tələbatının ən çox açıq şəkildə satılan çörəyə olduğunu dedilər. Son vaxtlar dükanlarda seçimin alıcının ixtiyarına verilməsi bir yandan problemlərin ortaya çıxmasına şərait yaradir. Belə ki, dükana daxil olub istədiyi çörəyi əli ilə toxunaraq seçən alıcının hər hansı bir yoluxucu xəstəlik daşıyıcısı olmadığına zəmanət verilə bilməz.