Cins şalvarlı və mobil telefonlu mələk
07 Mart 2012 Çərşənbə 06:46
Bu heykələ zəng vuraraq dərdləşmək və məsləhətləşmək mümkündür
Hollandiyanın Hertoqenboş şəhərindəki katedralın (baş kilsə) ətrafında olan mələk heykəllərindən biri ölkədə səs-küyə səbəb olub. Belə ki, bu mələk heykəlinin əynində cins şalvar, çiynində nootbuk çantası, əlində isə mobil telefon var.
Şəhərdəki bir cütlük isə keçən il bu mələyin adına telefon xətti alıb, “Twitter” səhifəsi açıb və telefon nömrəsinin olduğu vizit kartlarını şəhərin hər yerində paylayıb. Şəxsiyyətini məxfi saxlayaraq “New York Times” qəzetinə açıqlama verən cütlük telefonun bütünü günü susmaq bilmədiyini deyib.
Cütlük xüsusilə yeni illə Milad bayramı arasında təsirli (duyğusal) telefon danışıqları olduğunu deyib. “Kiçik bir qız bir müddət əvvəl ölən nənəsinə dua etmək üçün bizə zəng vurdu. Bir qadın isə ailəsindən uzaq keçirdiyi ilk yeni ildə mələkdən kömək istədi. Dul bir qadın isə zəng vuraraq ölmüş uşaqlarına dua etməyimizi istədi”.
Bu işə sadəcə zarafat üçün başladıqlarını deyən cütlük, indi hər yaş qrupundan insanların məsləhətləşmək və təklikdən sıxılanların danışmaq üçün bu telefona üz tutduğunu deyib.
Cütlüyün bu işdən heç bir mənfəəti olmasa da ictimaiyyətin bu telefona biganə qalmaması katedralın iştahını qabardıb. Belə ki, kilsə ötən ilin dekabr ayında bu mələyin adına ödənişli telefon xətti açıb. Bu telefon nömrəsi ilə danışığın dəqiqəsi təxminən 1 avrodur. İnsanlara təsir etmək üçün məşhur bir aktyorun səsindən istifadə edən kilsənin rəhbərliyi məqsədlərinin həm maddi, həm də mənəvi qazanc olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: