Çinin qərbində yerləşən Uyğur vilayətinin Urumçi şəhərində on minlərlə əsgərin sakitliyi bərpa etdiyi zaman polis üç uyğuru qətlə yetirib, dördüncüsünü isə yaralayıb. Polis rəsmisinin verdiyi məlumata görə, insident əllərində bıçaq və küt alətlər olan üç uyğurun digərinə hücumu zamanı baş verib. Hadisəni şərh edən hökümət sözçüsünün bildirdiyinə görə, polis əməkdaşları havaya xəbərdarlıq atəşi açsa da, mülki şəxslər onlara doğru hərəkət etməkdə davam edib.
Qeyd edək ki, Urumçidə vəziyyəti nəzarət altına almaq üçün rəsmi Pekin şəhərə çoxlu sayda əsgər yeridib. Əksər uyğurlar isə təhlükəsizlik qüvvələrini etnik zorakılıqlardan sonra Urumçidə vəziyyəti daha da ağırlaşdırmaqda ittiham edir. /ANS TV/