Çini daşqınlar ağuşuna alıb
18 Avqust 2013 Bazar 16:51
Təbii fəlakət 11 nəfərin həyatına son qoyub.
Çinin Şimal-Şərq əyalətlərində daşqınlar tam şiddəti ilə davam edir. Son məlumatlara görə təbii fəlakət Heyluntszyan əyalətində 11 nəfərin həyatına son qoyub, daha 140 min nəfər yaşayış yerlərindən evakuasiya olunub. Rəsmi qurumlar Heyluntszyan çayının səviyyəsinin qalxmaqda davam ecəcəyini proqnozlaşdırır. Ölkənin Cənub-Şərqində isə Utor qasırğası tüğyan edib. Qasırğa Hunan əyalətində azı 5 nəfərin həlak olmasına, 4 nəfərin isə itkin düşməsinə səbəb olub. Güclü yağıntılar və qasırğa nəticəsində baş vermiş torpaq sürüşməsində 1 nəfər uçqun altında qalaraq ölüb.

Qasırğa Çinin cənubundakı Quansı əyalətində də böyük dağıntılara səbəb olub. Verilən məlumatlara görə, burada azı 6 nəfər ölüb, 650 min insan qasırğadan müxtəlif dərəcədə ziyan çəkib. Bu əyalətdə də baş verən torpaq sürüşməsi bir nəfərin həyatına son qoyub. Həftənin əvvəlindən Çinin Cənub-Şərq vilayətlərində tüğyan edən Utor qasırğası 2 milyon nəfər insana ziyan vurub.

Rusiyanin uzaq şərq bölgəsində də güclü daşqınlar davam edir. “Euronews” telekanalının məlumatına görə, Xabarovsk vilayətində Amur çayının səviyyəsi tarixi rekord həddinə çataraq 642 santimetr təşkil edib. Sonuncu dəfə buna yaxın göstərici 1897-ci ildə qeydə alınmışdı. Bununla belə su artımının davam edəcəyi bildirilir. Çayın səviyyəsinin 7 metrədək çatacağı proqnozlaşdırılır. Amur vilayətində 13 mindən çox adam müxtəlif dərəcədə zərər çəkib. Rusiya hökumət qurumları uzaq şərqin beş bölgəsində: Yakutiya, Primorye, Xabarovsk, Amur vilayətlərində və Yəhudi Muxtar Vilayətində fövqəladə vəziyyət elan edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar