Çingiz xanın heykəli ingilisləri qəzəbləndirdi
22 Aprel 2012 Bazar 11:52
Yerli sakinlər monqol sərkərdəsinə heykəl ucaldılmasının əleyhinədirlər.
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Hayd-parkda qurulan Çingiz xanın at üzərində heykəli yerli sakinlərin qəzəbinə tuş gəlib. ANS PRESS-in məlumatına görə, qəzəblənmiş sakinlərin sırasına leyborist parlamentari Pol Dimoldenberq də qoşulub.
“Onlar Çingiz xandan sonra hansı şəxsi əbədiləşdirmək istəyirlər? Stalini? Pol Potu? Səddam Hüseyni?”, - deyə leyborist parlementari heykəli quraşdıranlara sual ünvanlayıb. Pol Dimoldenberq Olimpiada ərəfəsində turistlərə nümayiş etdirmək üçün daha layiq şəxslərin heykəllərinin ucaldıla biləcəyini bildirib.
Qeyd edək ki, britaniyalı alimlər Çingiz xanla bağlı bir neçə maraqlı fakt aşkar ediblər. Monqol sərkərdəsi 25 il ərzində Roma imperiyasının 400 ilə işğal edə bildiyi ərazini tutub. Çingiz xan Yapon dənizindən Xəzər dənizinədək 700-dən çox xalqlar və tayfaları birləşdirib. O, öz dövrü üçün inqilab sayıla biləcək yüngül atlı qoşunları üçün yeni taktika işləyib hazırlayıb. Çingiz xanın kağız pullar tədavülə buraxması və poçt sistemi yaratması da tarixə düşmüş əməllərdəndir. DNT testi isə Asiyanın hər 500-cü şəxsinin Çingiz xanın nəslindən olduğunu müəyyənləşdirib.
DOSTLARINLA PAYLAŞ: