Çində yeni dünya rekordu müəyyən edilib
03 Dekabr 2010 Cümə 23:10
"Harmoniya" ekspres qatarı 486,1 km/saat sürətlə hərəkət edib
Dekabrın 3-də Çində “Harmoniya” ekspres qatarı Pekin-Şanxay dəmir yolu magistralında sınaq zamanı saatda 486,1 kilometr sürətlə hərəkət edərək yeni dünya rekordu müəyyən edib. Bundan əvvəlki saatda 416,6 kilometr sürət də həmin qatarda Şanxay – Hançjou dəmir yolu xəttində sınaqlar zamanı müəyyən olunub. Bugünkü rekord isə Pekin və Şanxayı birləşdirən yeni yüksək sürətli dəmir yolunda əldə edilib.
Sinxua agentliyinin məlumatına görə, ölkənin Dəmir Yolları Nazirliyi yeni nəsildən olan 100 lokomotiv üçün artıq sifariş verib. Onlar artırılmış təhlükəsizlik səviyyəsi, səssizliyi, yüksək ekoloji təmizliyi və rahatlığı ilə seçilir.
Hazırda Çində Pekin – Tyantszin, Uhan – Quançjou, Çjençjou- Sian dəmiryol magistralları ilə saatda təxminən 350 kilometr sürətlə hərəkət edən qatarlar işləyir. 2015-ci ilədək ölkədə sürətli dəmir yollarının ümumi uzunluğu təxminən 40 min kilometrə bərabər olacaq.
DOSTLARINLA PAYLAŞ: