Aprel ayından başlayaraq Çində baş verən güclü daşqınlar dövlətə ciddi ziyan vurub. Son məlumata görə, ölkəyə dəymiş maddi ziyanın məbləği 299 milyon dollardır. Mütəxəssislər bu rəqəmin artacağını istisna etmirlər. Ölkənin 5,6 milyon sakini daşqınlardan, 3,4 milyonu isə quraqlıqdan zərər çəkir. RİA Novosti-nin yaydığı məlumata əsasən, ölkənin 16 regionunu əhatə edən daşqınlarda 41 nəfər dünyasını dəyişib, 8 nəfər itkin düşüb, 6,5 min yaşayış evi dağıdılıb. Bundan yanaşı, ölkənin bəzi rayonlarında şiddətli quraqlıq hökm sürür. Quraqlıq nəticəsində 7,9 milyon hektar əkinə yararlı torpaq yararsız vəziyyətə düşüb, 3,36 milyon insan və 4,65 milyon iribuynuzlu mal-qara içməli su azlığından əziyyət çəkir./ANSPRESS/