Çin ABŞ-la hərbi əməkdaşlığı dayandırır
31 Yanvar 2010 Bazar 04:40
ABŞ-ın müdafiə naziri Robert Geytsin 2010-cu ildə Çinə planlaşdırılan səfəri də təhlükə altındadır
ABŞ-ın Tayvana külli miqdarda silah satmaq barədə qərarı Çini Amerika ilə bir sıra sahələrdə əməkdaşlığı məhdudlaşdırmağa və ya dayandırmağa vadar edib. Bu barədə məlumatı Çinin “Xin Jing Bao” qəzeti yayıb. Qəzetin məlumatına görə, iki ölkənin silahlı qüvvələrinin nümayəndələri arasında qarşılıqlı səfərlər müvəqqəti dayandırılır.

Bu, ilk növbədə ABŞ-ın müdafiə naziri Robert Geytsin 2010-cu ildə Çin Xalq Respublikasına planlaşdırılan səfərinə, eləcə də Çin xalq-azadlıq ordusunun baş qərargah rəisi və ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisləri komitəsinin rəhbərinin səfər mübadiləsinə, iki ölkəyə məxsus hərbi gəmilərin qarşılıqlı səfərlərinə aiddir.

Bundan başqa, Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, rəsmi Pekin strateji təhlükəsizliklə bağlı nazir müavinləri səviyyəsində yaxın vaxrlara planlaşdırılan Çin-ABŞ məsləhətləşmələrini təxirə salıb.

“Xin Jing Bao” qəzeti çinli diplomatın bıyanatına istinadən yazır ki, Çin tərəfi Tayvana silah satılmasında iştirak edən Amerika şirkətlərinə qarşı sanksiya tətbiq edəcək. Çin və ABŞ arasında beynəlxalq və regional problemlərlə bağlı əməkdaşlıq da təhlükə qarşısında qala bilər.

Xatırladaq ki, ABŞ Tayvana külli miqdarda silah satmaq barədə qərar qəbul edib. Helikopterlər, raket əleyhinə sistemlər, tral gəmilərinin də satılmasını nəzərdə tutan sövdələşmənin ümumi dəyəri 6,4 milyard dollar təşkil edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar