Çili vulkanı Cənubi Amerika səmasını örtüb
15 İyun 2011 Çərşənbə 14:13
Hər gün daha çox aviareys təxirə salınır.
Çilidə püskürməkdə davam edən vulkan Cənubi Amerikada daha çox aviareysin təxirə salınmasına səbəb olub. Vulkan püskürməsi Peruda prezidentliyə namizədin Uruqvaydan Buenos Ayresə səfərini çayı qayıqla keçərək reallaşdırmasına və materikin futbol çempionatının yubadılacağı ilə bağlı narahatlıqların yaranmasına əsas verib. Vəziyyət bu cür davam etsə, Cənubi Amerikada çempionatın gələn ay planlaşdırılan açılış tarixinin dəyişdiriləcəyi istisna olunmur. Argentina futbol assosiasiyasının prezidenti Xulio Qrondona bunu bildirib.
Vulkan püskürməsinin səbəb olduğu kül dumanının daha geniş ərazini əhatə etməsi ilə əlaqədar Argentina və Uruqvayın əsas beynəlxalq aeroportları hələ də bağlıdır. İyunun 4-də püskürməyə başlayan vulkana yaxın ərazilərdən 4 minədək sakin evakuasiya edilib. Avstraliya və Yeni Zelandiyada da aviaşirkətlər bir sıra uçuşları təxirə salıb.
Ərazidə seysmik fəallıq nisbətən zəifləsə də, ekspertlər vəziyyəti yaxından izlədiklərini deyirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: