Çernobıl turistlərin üzünə açılacaq
14 Dekabr 2010 Çərşənbə Axşamı 11:40
Ukrayna gələn ildən fəlakət zonasına turist marşrutları təşkil etməyi planlaşdırır
Ötən əsrin ən böyük faciələrindən biri nəticəsində ölü şəhərə çevrilən Çernobıl turizm şəhərinə çevrilə bilər. Ukraynanın Fövqəladə Hallar Nazirliyi 2011-ci ildən etibarən Çernobıl bölgəsinə turist marşrutları təşkil etməyi planlaşdırır. Məmurların fikrincə, bu, faciənin tarixini öyrənmək üçün yaxşı üsuldur.
Fövqəladə hallar naziri Viktor Baloq Çernobıl zonasının turistlərə açıq olmalı olduğunu bildirib: "2011-ci ilin yanvar ayından bölgəyə ziyarətin sistemləşdirilməsi planlaşdırılır". Onun sözlərinə görə, hazırda xüsusi işçi qrup yaradılıb və qrupun mütəxəssisləri səfərlərin təşkilat planının işlənib hazırlanması üzərində çalışırlar.
"Planlarımıza görə, dekabrın 21-də nazirlikdə brifinq keçiriləcək və biz kütləvi informasiya vasitələrini aparılan iş bardə dəqiq məlumatlandıracağıq", - deyə Viktor Baloq vurğulayıb.
Bir müddət öncə ukraynalı nazir ilə Çernobıla ekskursiya edən BMT-nin inkişaf proqramının sədri Helen Klark da 30 km ərazidə örtüyün aradan qaldırmağın mümkün olduğunu bildirib: "Bu güclü insanların tarixidir. Onlar öz həyatları bahasına Çernobıl fəlakətində nüvə təhlükəsinin qarşısını almaq üçün çalışıblar. Evlərini tərk edən əhalinin tarixi, Ukraynanın tarixinin kədərli bir səhifəsidir. Ancaq onları yalnız dünyaya danışmaq deyil, həm də burada nə baş verdiyini göstərmək lazımdır".
Bununla bərabər H.Klark Çernobıl fəlakət zonasının turistlərin üzünə açılmasını ölkə iqtisadiyyatı üçün böyük iqtisadi potensial adlandırıb.
Qeyd edək ki, bir müdət əvvəl ölkə FHN-ni ərazinin yalnız 24 min ildən sonra tamamilə təhlükəsiz olacağını açıqlamışdı.
Xatırladaq ki, 1986-cı il aprel ayında Ukraynanın şimalında yerləşən Çernobıl şəhərində Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib və alov 3 bloku bürüyüb. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib. Qəza nəticəsində Ukraynada 4400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrinin aradan qaldırılması üçün əraziyə gəlmiş fəhlələlər idi.
Qəzanın nəticələrinin aradan qaldırılması ücün 1986-ci ildə Çernobıla 7 min azərbaycanlı da göndərilmişdi. Artıq onlardan 2000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.
DOSTLARINLA PAYLAŞ: