Moskvanın hakimiyyət orqanları Çerkizov bazarının sökülməsi üçü lazım olan vəsaiti müəyyənləşdirməyə çalışır.
APA-nın “Novıe izvestiya” qəzetinə istinadən xəbərinə görə, bu barədə Moskvanın Şərq inzibati dairəsinin prefekti Nikolay Yevtixiyev məlumat verib.
N.Yevtixiyev deyib ki, bu ilin fevralında bazar daxilində 20 min kv. m sahəni əhatə edən qanunsuz tikililərin sökülməsinə 10 milyon rubl xərclənib: “Bütün bazarın sökülməsinə tələb olunan vəsaiti müəyyənləşdirmək üçün bu rəqəmi 200-300-ə vurmaq lazımdır. Amma konkret rəqəm deyə bilmərik”.
Qeyd edək ki, Çerkizov bazarı ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvaya Çindən nümayəndə heyəti gəlib. Nümayəndə heyətinin rəhbəri, Çinin Kommersiya Nazirliyinin Avropa məsələləri departamentinin direktor müavini Lin Tszi Rusiya hüquq-mühafizə orqanlarının qaçaqmalçılıqla mübarizə aparmasını anlayışla qarşıladıqlarını, amma Moskvanın ən böyük bazarının bağlanmasından narahat olduqlarını bildirib. Onun sözlərinə görə, bazar bağlanmamışdan öncə satıcılara bu haqda məlumat verilməli, mallarının bazardan çıxarılmasına imkan verilməli və digər bazarlarda onlara ticarət yerləri təklif edilməli idi.
Rusiya Prokurorluğunun İstintaq Komitəsindən isə bildiriblər ki, Çerkizov bazarında çalışan sahibkarlar mallarının sənədlərini təqdim etdikləri halda, onları maneəsiz şəkildə bazardan çıxara bilərlər. Buna mane olanlar isə cəzalandırılacaq.
APA