Cənubi Kipr yeni prezidentini seçir
17 Fevral 2013 Bazar 16:03
Hazırki prezident Dimirtis Xristofyas öz namizədliyini irəli sürməyib.
Cənubi Kipr respublikasında bu gün prezident seçkiləri keçirilir. Ölkədə 1000-dən çox seçki məntəqəsi açılıb. Səsvermə hüququna malik 545 min C. Kipr vətəndaşı 11 namizəd arasından növbəti prezidenti seçəcək. Bu, Cənubi Kipr tarixində prezident seçkilərində iştirak edən namizədlər üçün rekord saydır. Cənubi Kipr respublikasının konstitusiyasına görə, ölkə prezidenti həm də hökumət başçısıdır və o, 5 ildənbir seçilir.
Hazırki prezident Dimitris Xristofyas seçkidə iştirak etmir. O, respublikanın tarixində öz namizədliyini ikinci dəfə irəli sürməyən ilk prezident olub. İctimai rəy sorğularına görə, seçicilərin əksəriyyəti iqtisadi böhran şəraitində prezident olaraq sağçılar partiyasından olan namizəd Nikos Anastasiadisi görür. Seçicilərin təxminən 40%-i öz səsini ona verməyə hazırlaşır.
Prezident seçilmək üçün isə namizədlər səslərin ən azı 50%-ni toplamalıdırlar. Əgər bu baş verməsə, fevralın 24-ü prezident seçkilərinin 2-ci turu keçiriləcək və 1-ci turda ən çox səs toplamış iki namizəd mübarizə aparacaq.
DOSTLARINLA PAYLAŞ: