Rusiya, Gürcüstan, eləcə də qondarma Abxaziya və Cənubi Osetiya rejimlərinin təmsilçilərinin iştirakı ilə keçirilən Cenevrə danışıqlarının 5-ci raundu qalmaqalsız ötüşməyib. İki gün davam etməli olan iclasa əvvəlcə qondarma Abxaziya nümayəndələri gəlməkdən imtina edib. Bundan sonra Rusiya nümayəndə heyəti qondarma Cənubi Osetiya təmsilçiləri ilə birgə iclası tərk edib.
Səbəb kimi isə qondarma Abxaziyada və Gürcüstanda BMT müşahidəçilərinin bundan sonrakı fəaliyyətinə dair BMT baş katibinin məruzəsinin ortaya qoyulmaması göstərilib. Belə ki, məruzənin hələ mayın 15-də təqdim olunması gözlənilsə də, naməlum səbəblərdən sənəd açıqlanmayıb. Bundan başqa, Rusiya məruzədə Abxaziyanın Gürcüstan ərazisi olaraq qeyd olunmayacağına təminat istəyir.
BMT, böyük qalmaqalın qarşısını almaq üçün sənədi Rusiya tərəfinə təqdim edib. Rusiya tərəfi isə BMT baş katibinin məruzəsinin hazırda nəzərdən keçirildiyini və görüşün baş tutub-tutmayacağının bundan asılı olacağını bildirib. Nəhayət, bu gün günorta saatlarında Rusiya nümayəndə heyəti, qondarma Cənubi Osetiya və Abxaziya təmsilçiləri ilə birlikdə iclasa qatılacağını açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin verdiyi məlumata görə, müzakirələr tam təmin edilib: «Biz saatlarımızı dayandırdıq və BMT baş katibinin məruzəsini gözlədik. Bu gecə həmin məruzə təqdim olundu. Sənəddə bizim mövqeyimizə uyğun müddəalar olduğundan, biz Cenevrə danışıqlarını həminki formatda bərpa etdik».
Verilən məlumatlara görə, BMT baş katibinin 3 gün gecikmə ilə təqdim olunan məruzəsində qondarma Abxaziyanın Gürcüstana məxsus olması ilə bağlı hər hansı müddəa yoxdur. Məhz bunu rəğbətlə qarşılayan Rusiya nümayəndə heyəti, eləcə də Abxaziya və Cənubi Osetiya qondarma rejimlərin təmsilçiləri danışıqları bərpa etməyə qərar veriblər. Görüşdə Amerika Birləşmiş Ştatlarını təmsil edən Dövlət Departamentinin nümayəndəsi Metyu Brayza baş vermiş insidenti xoşagəlməz hal kimi qiymətləndirib. Onun sözlərinə görə, belə hallar sülh prosesinə kölgə salır: «Əlbəttə, yaxşı olardı ki, belə hadisə baş verməyəydi. Biz yenə sevinirik ik, Rusiya nümayəndə heyəti danışıqları bərpa etmək haqda qərar verdi. Amma iradlarımız da var. Çünki Cenevrə formatı beynəlxalq bir prosesdir və onu belə şəkildə pozmaq ən azı siyasi etika cəhətdən düzgün deyil».
Rəsmi Tiflis isə Cenevrədə baş verənləri Rusiyanın növbəti təxribatı adlandırıb. Tiflisdə keçirdiyi mətbuat konfransında xarici işlər naziri Qriqol Vaşadze, rəsmi Moskvanın belə addım atmaqla bütün beynəlxalq təşkilatları saymadığını bir daha ortaya qoyduğunu deyib: «Rusiya BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəliyindən sui istifadə edir. Bu, yolverilməzdir. Rusiya növbəti dəfə özünü qeyri-sivil şəkildə apardı. Görünən odur ki, Rusiyaya münaqişə zonasında xarici təşkilatların müşahidə missiyaları lazım deyil və rəsmi Moskva Sxinvalidən ATƏT təmsilçilərini çıxartdığı kimi, BMT missiyasını da Abxaziyadan çıxartmaq istəyir.
BMT baş katibinin məruzəsinə gəldikdə isə, rəsmi Tiflis onu normal qiymətləndirir. Hər halda, Gürcüstan əsas sənədin iyunun 15-də qəbul ediləcəyini əsas gətirərək bu dəfəki məruzənin müvəqqəti xarakter daşıdığını deyir. «Sənəddə müsbət və mənfi məqamlar da var. Amma ən əsası isə odur ki, biz heç bir halda Gürcüstanın ərazi bütövlüyünün şübhə altına alınmasına və iki qondarma rejimin tanınmasına icazə verməyəcəyik»,- BMT baş katibin məruzəsini qiymətləndirən Qriqol Vaşadze belə deyib. /ANS TV/