Cəmil Çiçək: “Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar”
27 Yanvar 2012 Cümə 05:13
Milli Məclisin nümayəndə heyəti Türkiyə parlamentinin sədri ilə görüşüb.
Azərbaycan Respublikası Milli Məclisinin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilovun daxil olduqları nümayəndə heyəti Ankarada səfərdədir. Yanvarın 26-da nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.

Türkiyə parlamentinin spikeri bildirib ki, Milli Məclis ilə əməkdaşlıq yüksək səviyyədədir və əlaqələr gündən-günə inkişaf edir. Fransa Milli Assambleyası və Senatının qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qərarına qarşı qardaş Azərbaycanın Türkiyənin yanında olduğunu vurğulayan C.Çiçək ümidvar olduğunu bildirib ki, ölkələrimizin bir-birinə dəstəyi bundan sonra da davam edəcək. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan birlikdə olduğu zaman daha da güçlü olacaqlar.

Milli Məclisin deputatları Ankaranın Keçiören bələdiyyəsində də olmuş, bələdiyyələrarası əlaqələrin gücləndirilməsi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparıblar.

Bu gün deputatlarımız Ankaradakı Azərbaycan Parkını ziyarət edəcək, hakim Ədalət və İnkişaf Partiyasının binasında partiyanın baş katibi və sədr müavini Haluk İpəklə, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvarla görüşəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar