Cəmil Çiçək: “TBMM-də Xocalı soyqırımı ilə bağlı qanunun qəbul olunması təklifi müzakirə olunacaq”
16 Fevral 2012 Cümə Axşamı 18:45
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov fevralın 16-da Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçəklə görüşüb.
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı səfir İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyada keçirilən toplantısında Xocalı soyqırımı ilə bağlı qərarının alınması prosesində Türkiyənin dəstəyinə görə ona öz təşəkkürünü bildirib, Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə səfirliyin təşkil etdiyi silsilə tədbirlər barədə ətraflı məlumat verib və qeyd olunan tədbirlərdə Türkiyənin parlament üzvlərinin iştirakının vacibliyini nəzərə çatdırıb.

Səfir fevralın 28-də səfirliyin TBMM-də Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil edəcəyi rəsm sərgisi üçün lazımi köməkliyi göstərdiyinə görə C. Çiçəyə təşəkkürünü bildirib.

Öz növbəsində, C. Çiçək səfirliyin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirlər silsiləsinə dəstək verəcəyini, Xocalı soyqırımının dünyaya çatdırılmasının çox mühüm olduğunu, bu çərçivədə parlamentdəki siyasi partiyaların qrup rəhbərlərinin məlumatlandırılacağını, Türkiyəni təmsil edən bütün səlahiyyətli şəxslərin beynəlxalq səviyyədə keçirdikləri görüşlər zamanı iki məsələni - Dağlıq Qarabağ və Şimali Kipr məsələsini əsas olaraq gördüklərini, Fransada qondarma “erməni soyqırımı” ilə bağlı qanunun isə tamamilə insan hüquqları prinsiplərinə zidd olduğunu dilə gətirib.

Səfir Xocalı soyqırımı ilə bağlı dünyanın müxtəlif ölkələrində geniş tədbirlərin təşkil olunacağını, artıq Meksika və Pakistan kimi əhəmiyyətli ölkələrin parlamentlərində Xocalı soyqırımının tanındığını, AŞPA və dünyanın digər mötəbər qurumlarında Xocalı soyqırımı məsələsinin qaldırılacağını və Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun TBMM-dəki öz həmkarlarına Xocalı soyqırımının tanınmasının zəruriliyi ilə bağlı olan məktubunun olduqca əhəmiyyətli olduğunu bildirməklə yanaşı, Fransada qondarma “erməni soyqırımı” ilə bağlı qanunun qəbul olunması prosesində Azərbaycan tərəfindən atılan addımlar barəsində ətraflı məlumat verib.

C. Çiçək, Fransada davam edən prosesin böyük əhəmiyyət daşıdığını nəzərə çatdırıb, TBMM-də Xocalı soyqırımı ilə bağlı qanun qəbul olunması təklifinin müzakirə olunacağını vurğulayıb.

Səfir C. Çiçəkə minnətdarlığını bildirib, onu Azərbaycana rəsmi səfərə dəvət edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar