Cəlalabadda fövqəladə vəziyyət elan edildi
13 İyun 2010 Bazar 15:20
Cəlalabadda fövqəladə vəziyyət elan edildi. Şəhər əsl döyüş meydanına çevrilib.
Qırğızıstada davam edən toqquşmalar nəticəsində ölənlərin sayı durmadan artır. Ən son məlumatlara görə ölənlərin sayı 82-ə, yaralıların sayı isə 1076 nəfərə çatıb.

Ölkənin cənubunda yerləşən Cəlal-Abad şəhərində qarşıdurmalar yaradan bir qrup gənc yanğınları söndürməyə gələn Fövqəladə Hallar Nazirliyinin maşınlarını atəşə tutublar. Məlumatı Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi yayıb.

Oş vilayətində yaranan vəziyyətlə əlaqədar olaraq isə özbək cəmiyyətləri Qırğızıstan müvvəqəti hökumətinə oradakı özbəklərin evaukasiya edilməsinə dair müraiciət edib. Yaranmış vəziyyətlə əlaqədar olaraq müvvəqəti hökumət rəsmiləri 50 yaşınadək bütün kişilər barəsində hərbi səfərbərlik elan edib.

Qırğızıstanda vəziyyətin gərgin olması oradakı insanların evakuasiya edilməsinə səbəb olub. İlk olaraq qadınların və azyalıların şəhərdən çıxarılması planlaşdırılır. Oşda hələ də yaşayış evlərinin və avtomobillərin yandığı xəbər verilir. Mağazalara od vurulub. Şəhərdə oğurluq və qarət halları artıb. Oşda bu səhər də dəhşətli toqquşmalar qeydə alınıb. Şəhərdə ağ rəngli maska taxan bir qrup gənc içərisində tezalışan maddə olan şüşələri evlərin damlarına ataraq onları yandırıblar. Şəhər mərkəzində atışma səsləri eşidilir. Mərkəzdə yerləşən ticarət mərkəzlərindən birinin yandırıldığı xəbər verilir. Bundan başqa, mərkəzdə yerləşən məktəb binasının, ofislərin də hücuma məruz qaldığı bildirilir. Məktəblərə və uşaq bağçalarına edilən hücum nəticəsində xəsarət alanlar olmasa da uşaqların həmin binalardan dərhal çıxarılmasına qərar verilib. Hələlik, şəhərə dəyən ziyanı hesablamaq qeyri-mümkündür. Yerli sakinlərin fikrincə, bu səhər qırğız və özbəklər arasında razılaşma əldə oluna bilərdi, lakin sonradan müəyyən qüvvələr tərəfindən buna imkan verilməyib.

Qırğızıstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Cəlal-Abad şəhərində yerləşən rayon Daxili İşlər Nazirliyinin şöbəsinə naməlum şəxslər tərəfindən hücum edilib. Şəhər əsl döyüş meydanına çevrilib. Şəhərin müxtəlif bölgələrində gərginlik davam edir. Respublikanın hüquq mühafizə orqanları şəhərdəki vəziyyəti ağır qiymətləndiriblər. Oşda bütün mikrorayonlar yandırılıb. Qırmızı Xaç Komitəsi insanların hava limanlarına üz tutduğunu və ölkəni tərk etmək istədiklərini bildirib. Oşa əlavə hərbi qüvvələr də göndərilib. Bir müddət əvvəl ölkəyə göndərilən humanitar yardımlara da hücüm edildiyi bildirilsə də sonradan Daxili İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Yayılan məlumatlara görə, Qırğızıstanda müvəqqəti hökumətin prezidenti Roza Otunbayeva ölkənin Milli Təhlükəsizlik Şurasına rəhbər vəzifəyə Alik Orozovu təyin edib. Orozovun əvvəllər də respublikanın təhlükəsizlik orqanlarında çalışdığı bildirilir. Lakin ötən il devrilmiş prezident Kurmanbek Bakiyev tərəfindən verilən sərəncam əsasında, Təhlükəsizlik Şurasından uzaqlaşdırılmışdı.

Bundan başqa, bu səhər Moskvada yerləşən Qırğızıstan səfirliyinin binası qarşısında mitinq keçirilib. Mitinqin əsas iştirakçıları isə özbəklər olub. Verilən məlumatlara görə, etiraz aksiyasında iştirak edən 150 -yə yaxın insan Qırğızıstana aldıqları biletləri dəyişdirmək və pullarının geri qaytarılmasını tələb ediblər. Ərazidə asayişin qorunması üçün ora xüsusi təyinatlılar göndərilib.

Qırğızıstanda yaranan vəziyyətlə əlaqədar olaraq Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu müvəqqəti hökumətin prezident köməkçisi Almazbek Atambayevlə telefon əlaqəsi saxlayıb. Türkiyənin xarici siyasəti idarəsindən verilən məlumata görə, Qırğızıstanda yaranan vəziyyətdən türk vətəndaşları arasında da xəsarət alanlar olub. Telefon danışığı zamanı Davudoğlu Almazbek Atambayevdən Türkiyə vətəndaşlarının təhlükəsizliyinin təmin olnumasını istədiyini bildirib. Bundan başqa, Əhməd Davudoğlu ölkədə yaranan vəziyyətlə əlaqədar olaraq gələn həftələrdə beynəlaxq nümayəndələrlə birlikdə bir Türkiyə nümayəndəsinin də Qırığızıstana göndəriləcəyini deyib.

Ən son məlumatlara görə, Cəlal-Abad şəhərində fövqəladə vəziyyət elan olunub. Şəhərdə həmçinin komendant saatı elan olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar