Ceki Çan qəzəbləndirdi
14 Dekabr 2012 Cümə 12:42
Məşhur aktyor doğma Honq-Konq şəhərində etirazlara qarşı çıxıb.
Komediya döyüş filmlərindəki rollarına görə dünya şöhrəti qazanmış çinli aktyor Ceki Çan, sən demə, həyatda sülhsevər insandır. "Tanrının zirehi-3" adlı növbəti filminin ekranlara çıxması ilə bağlı müsahibə verən Ceki Çan bildirib ki, doğma Honq-Konq şəhərində etiraz aksiyası keçirmək hüququnun məhdudlaşdırılmasını təklif edib.
"Honq-Konq etiraz şəhərinə çevrilib. İnsanlar Çin liderlərini yaxud da başqalarını ittiham edirlər, hər şeyə qarşı etiraz edirlər. Hökumət insanların hansı məsələlərə görə etiraz edə biləcəyini, hansı məsələlərə görə isə etiraz edə bilməyəcəyini müəyyənləşdirməlidir", - deyə Ceki Çan bildirib.
Ceki Çanın bu sözləri çinlilərin, xüsusən də, Honq-Konq sakinlərinin xətrinə dəyib. Məhşur Çin yazıçılarından Lyun Mann-Tao yerli qəzetlərdən birində yazıb ki, Ceki Çanın son bəyanatı bir daha onun Çin hökumətinin əlində marionet oyuncağı olduğunu sübut edib və aktyor bu cür bəyanat verməzdən əvvəl heç əziyyət çəkib Honq-Konq sakinlərindən nəyə görə etiraz etdiklərini öyrənməyib.
İnternetdə də Honq-Konq sakinləri Ceki Çanı tənqid atəşinə tutublar. "Etiraz Honq-Konq xalqının əsas hüquqlarından biridir. Ceki Çanınsa həm mənəviyyatla, həm də sağlam düşüncə ilə problemləri var" - bir Honq-Konq sakini belə yazıb. Qeyd edək ki, bu, Ceki Çanın çinlilərin tənqidinə səbəb olan ilk bəyanatı deyil.
DOSTLARINLA PAYLAŞ: