CAREC 2020 strategiyası təsdiqləndi
23 Noyabr 2011 Çərşənbə 21:29
AİB prezidenti: “Asiya daxilində regional əməkdaşlıq növbəti onilliklərdə daha vacib olacaq”.
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 10 ölkədən olan nazirləri bu gün CAREC 2020 strategiyasını təsdiqləyiblər. Asiya İnkişaf Bankının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, strategiya CAREC Proqramının ilk 10 ildə əldə etdiyi nailiyyətləri nəzərə almaqla regional əməkdaşlığın intensivləşdirilməsini ehtiva edir.

AİB-in prezidenti Haruhiko Kuroda bildirib ki, Asiya daxilində regional əməkdaşlıq növbəti onilliklərdə əhəmiyyətli dərəcədə daha vacib olacaq. Onun sözlərinə görə, regional əməkdaşlıq, xüsusilə də CAREC Proqramı fərdi iqtisadiyyatları transformasiya etməklə, onların əhatəsini genişləndirə və inkişaf potensialını artıra bilər.

Xatırladaq ki, 2001-ci ildən CAREC Proqramı ilə bağlı enerji, ticarət və nəqliyyat sektoruna qoyulan investisiyalar 17 milyard ABŞ dollara çatıb. Bu investisiyalar əsasən dənizə çıxışı olmayan ölkələrdə CAREC nəqliyyat dəhlizlərinin və enerji şəbəkələrinin qurulmasını ehtiva edir. Təkmilləşdirilmiş infrastruktur 2001-ci ildən 2008-ci ilə kimi regionlar arasındakı ticarətin 13 dəfə artmasına səbəb olub. Dəhlizlər 2007-ci illə müqayisədə 2017-ci ilə qədər ticarət axınını üç dəfə artıra bilər. CAREC 2020 ümumi dəyəri 50 milyard ABŞ dollar olan prioritet layihələri əhatə edir. Sözügedən vəsait altı CAREC nəqliyyat dəhlizlərinin tamamlanması, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və iqtisadi dəhlizlərin təşviqi üçün lazımdır.

Qeyd edək ki, 2001-ci ildə təsis edilən CAREC Proqramına Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələr daxildir. Proqram enerji, məqliyyat və ticarət sahələrində regional layihələrin həyata keçirilməsini təşviq edir. 2001-ci ildən etibarən Asiya İnkişaf Bankı (AİB) CAREC Proqramının Katibliyi kimi fəaliyyət göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar