Çanaqqala zəfəri qeyd olunub
18 Mart 2009 Çərşənbə 15:10
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç: "Çanaqqala bizim hər şeyimizdir"

 

Bu gün Türkiyənin Bakıdakı səfirliyində Çanaqqala zəfərinin 94-cü ildönümü münasibətilə mərasim keçirilib. Tədbiri açıq elan edən Türkiyə səfirliyinin əməkdaşı polkovnik Erol Türkmənoğlu Çanaqqala zəfəri barədə ətraflı məlumat verib. E. Türkmənoğlu tarixdə bənzəri olmayan bu qəhrəmanlıq dastanının hazırda dünyanın qabaqcıl ölkələrinin hərbi akademiyalarında nümunə olaraq göstərildiyini deyib: “Çanaqqala, Vyanadan Hindistana qədər dünya xəritəsinin və geoplitikasının dəyişməsində önəmli rol oynamışdır. Yeni Türkiyə Cümhuriyyətinin təməlləri bənzəri olmayan milli duyğu, inanc və qəhrəmanlıqla Çanaqqalada atılıb. Çanaqqala torpağın zirehə və polada, qürurun və inancın müstəmləkəçilərə qarşı qələbəsidir”.

Mərasimdə çıxış edən Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Çanaqqalanın Türkiyənin hər şeyi olduğunu bildirib: “Hörmətli qonaqlar tarixə səfər etdik. Bəzən duyğulandıq, bəzən üzüldük. Amma atalarımızla, şəhidlərimizlə qürurlandıq. Belə bir mərasimi təşkil edən silahlı qüvvələr attaşemizə təşəkkür edirəm. Həqiqətən Türk olmaq qürurlu olmaq deməkdir. Çanaqqala bizim hər şeyimizdir”.

Qeyd edək ki, İngiltərə və Fransa ilə Osmanlı  İmperiyası və Almaniya orduları arasında gedən ümumi 500 mindən çox insan itkisinə (ölüm, əsir, əlil, xəstəlik) səbəb olan müharibənin ardından ixtilaf dövlətləri Çanaqqala boğazını keçə bilməmiş və İstanbulu işğal edə bilməyib. Türkiyə Respublikası qurulduqdan sonra ingilis və fransız donanmalarının məğlub edildiyi 18 Mart tarixi Çanaqqala Şəhidlərinin anım günü olaraq elan olunub.

Elvin Rəsul/ANSPRESS/ 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar