Camal Paşanın nəvəsinin ermələr üçün tökdüyü göz yaşları
26 Aprel 2010 Bazar Ertəsi 00:45
Ermənilərin 24 aprel kədərini paylaşıramBu gün 24 apreldir. 95 il əvvəl, 1915-ci ildə 24 aprel günü Osmanlı dövlətinin rüsvayçı səhifələrindən biri hakim İttihat və Tərəqqi partiyası tərəfindən yazılmağa başladı.
Osmanlı erməniləri əsrlərdir yaşadıqları, doğulub boya başa çatdığı Anadoluda, yəni öz torpaqlarında və öz dövlətləri tərəfindən sıxıştırılmağa, əsil-nəcabətlərindən qoparılmağa, soyqırıma məruz qalmağa, izləri tarixdən silinməyə başladı.
Tarixin bu acı səhifəsinə kimisi köç, kimisi faciə, kimisi soyqırım, kimisi qaçqınlıq, kimisi də böyük fəlakət deyə bilər. Amma qeyd etməliyik ki, Osmanlı dövlətinin 1915-ci ildən başlayaraq yüzminlərlə erməniyə qarşı törətdiyi “bəşəriyyət əleyhinə cinayəti” inkar etmək, belə qorxulu bir cinayətə qulp qoşmağa çalışmaq, bu “cinayə”tin törədilməsində iştirak etmək deməkdir.
Bilirəm indi qulağıma belə səslər gəlməyə başlayacaq ki, “Türklər, müsəlmanlar heç əziyyət çəkmədi? Balkanlarda, Qafqaz regionunda soyqırıma uğramadılar? Kütləvi halda sürgün olunmadılar? İzləri itirilmədi?”
Əlbttə onlar da bu kədərli taleyi yaşayıblar. Anadoluda Türklərin də, kürdlərin də, ələvilərin də uzaq tariximizdən bu günə qədər yaşanılmış böyük faciələri vardır.
Hansı ölkənin, hansı millətin tarixi sadəcə gözəl səhifələrdən ibarət olur ki?
Ama bu gün 24 apreldir!
Ermənilərin, erməni millətinin bu torpaqlarda uğradığı faciəvi fəlakətlərə şahitlik edən bir gün.
Dayanın, əvvəl ermənilərin 24 aprel kədərlərinə şərik olaq . Onların kədərini bir an üçün ürəyimizdə, qəlbimizdə hiss etməyə çalışaq. Bir an da olsa ermənilərin yasını biz də saxlayaq.
Nə itirərik ki?
İnsanlıq, bəşəriyyət sadəcə öz vəzifəsini yerinə yetirmiş olacaq. Sadəcə bu.
Belə bir hərəkət, yəni kədəri bölüşmək başqalarının çəkdiyi kədəri unutmaq demək deyil.
2008-ci ilin sentyabr ayında İrəvanda yaşadığım həyəcanlı günü xatırlayıram.
“Soyqırımı” abidəsinin qarşısında sevimli Hırantla təkbətək qalmışdım. Məni bu abidəyə onun kədəri gətirmişdi.
Dan yeri yenicə sökülürdü. Günəş üfüqdən yenicə boylanırdı. Ağrı dağı – Ararat əzəmətli, şahanə zirvəsini gah göstərir, gah da gizlədirdi. Səhərin tərtəmiz sükutunda 3 ədəd bəyaz qərənfili abidəyə qoyanda sevimli Hırantın səsi qulağıma gəlmişdi: “Əvvəla gəlin bir-birimizin kədərinə hörmət edək”.
Və qulağıma demişdi: “Babalarımın başına gələnləri bilirəm. Buna kiminiz qətliam, kiminiz soyqırımı, kiminiz köç, kimimiz faciə deyirsiniz. Babalarım da Anadolu ləhcəsi ilə qıyım deyirdi. Bir dövlət öz vətəndaşlarını, həm də müdafiəsiz insanları böyük-kiçik, yaşlı-qadın demədən məskən saldığı yerdən ayıraraq naməlum, nəhayətsiz yollara atırsa, bunun nəticəsində də bir xalqın böyük bir kəsimi məhv olursa, bu gün biz bu dözülməz mənzərəni təsvir etmək üçün çətinlik çəkərək qıvranırıqsa, bizə necə insan demək olar?
`Bunun adını soyqırım mı qoyaq, yoxsa köçkünlük mü qoyaq?` - deyiriksə və hər ikisini də eyni şəkildə mühakimə edə bilmiriksə, bir insan kimi ləyaqətimizi necə xilas etmiş olacağıq?” (*)
Bəli, vicdanımız necə rahat olacaq.
Bəli hər şeyin başında elə bu dayanır. Çətindirmi insan olmaq, insanlıq heysiyyatımızı içimizdə oyandırmaq? İnsan olan bütün bu kədəri öz daxilində, öz qəlbində hiss edər, paylaşar.
Daha da önəmlisi kədərləri bir-biri ilə müqayisə etməz. Hamının uzaq tarixdən bu günə kimi öz kədərləri, acıları olmuşdur və bunları müqayisə etməyə çalışmaq tarixin səhifələrinə sülh yox, düşmənçilik toxumu səpir.
Bəzi kədərləri inkar etmək əvəzinə, görməməzliyə vurmaq əvəzinə, hər kəsin dərdi özünə dağ boydadır demək əvəzinə, yenə də təkrar edirəm, kədərləri bölüşmək, paylaşmaq, paylaşmağı öyrənmək ən doğrusudur.
Insan olmağın da, sülh arzulamağın əsas şərti budur.
Həm fərd olaraq, həm də dövlət olaraq ermənilərin 24 aprel kədərinə artıq şərik olmalıyıq.
Mən şərikəm. Hırant, qardaşım, sənin üçün doğrudan da darıxmışam. Rahat yat.
(*) Hırant Dink “İki yaxın xalq, İki uzaq qonşu” kitabından
Həsən Camal
“Milliyet” 24 aprel 2010
Ps: Türkiyənin “Milliyet” qəzetinin köşə yazarı Həsən Camal “İttihat və Tərəqqi” partiyasının məhşur triosundan biri Camal Paşanın (digərləri Ənvər Paşa və Tələt Paşa) nəvəsidir.
Görünür Həsən Camal – öz iddiasına görə - babasının törətdiyi qətliama bütün türkləri ortaq etmək istəyir. Yazını analiz etmək dəyərli oxucuların ixtiyarındadır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: