Bütün dünyada işıqlar söndü
01 Aprel 2012 Bazar 19:03
"Dünya saatı" aksiyasının təşkilatçıları insanların diqqətini yer kürəsinin iqlimində baş verən problemlərə çəkmək istəyib.
Bütün dünyada “Dünya saatı” adlı aksiya keçirilib. Qlobal aksiyanın təşkilatçıları işıqları bir saatlıq söndürməklə, insan övladının əsas diqqətini təbiətə, yer kürəsinin iqlimində baş verən problemlərə çəkmək istəyib. Azərbaycanda da keçirilən bu tipli aksiya kifayət qədər böyük marağa səbəb olub

Avropa aksiyaya dünən yerli vaxtla 20:30-da qoşulub. Almaniyanın paytaxtı Berlində “Brandenburq darvazası” bir saatlıq qaranlığa qərq olub. “Brandenburq darvazası”nın önündə 5000 şam yandırılıb. Almaniyanın hökumət binalarının da işıqları söndürülüb.

Fransannı paytaxtı Parisdə isə Eyfel qülləsi, Notrdam kilsəsi və Triumf arkası daxil olmaqla, 230-dan çox tikilidə işıqlar söndürülüb. Yalnız Eyfel qülləsində təhlükəsizlik məqsədilə qaranlıq 1 saat deyil, 5 dəqiqə çəkib.

Vatikanda isə Roma papasının iqamətgahı və Müqəddəs Pyotr Bazilika kilsəsində işıqlar söndürülüb.

Qonşu Türkiyədə isə İstanbul şəhərindəki Boğaziçi körpüsü və Qalata qülləsində işıqlar söndürülb.

Asiya ölkələrində də 3400-dən çox tikili aksiyaya qoşulub. Tayvanın paytaxtı Taypeydə “Dünya saatı” çərçivəsində ölkənin ən hündür tikilisi olan Taypey 101 qülləsinin işıqları söndürülüb. İndoneziyanın paytaxtı Cakartada yerli otellər 1 saatlığa qaranlığa qərq olub. Amerika Birləşmiş Ştatlarında Vaşinqtondakı Xalq kilsəsi, Böyük Britaniyannı paytaxtı Londonda Biq Ben, Çində Böyük Çin səddi, Yaponiyanın paytaxtı Tokioda Tokyo qülləsi aksiyaya qoşulub. Afrika ölkələrindən isə Liviya, Əlcəzair, Qvineya bu aksiyada ilk dəfə iştirak edən ölkələr arasında olub.

Qeyd edək ki, ənənəvi olaraq hər il baş tutan “Dünya saatı” qlobal aksiyası dünya təbiət fondu tərəfindən təşkil olunur. Aksiya ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilib. Keçən il “Dünya saatı”na qoşulan ölkələrin sayı 135, bu il isə 147 olub.









DOSTLARINLA PAYLAŞ:

oyunlar