Bu gün Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçiriləcək
21 İyun 2010 Bazar Ertəsi 04:25
Bu gün Türkiyədə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Ölkə başçısı iclasdan sonra müxalifət liderləri ilə də görüşəcək.
Türkiyə Hakkari vilayətində 11 hərbçinin şəhid olması ilə nəticələnən terror hadisəsindən sonra bu gün paytaxt Ankarada prezident Abdullah Gülün rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək. ANS PRESS Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, saat 10.00-da rəsmi prezident iqamətgahı olan “Çankaya köşkü”ndə keçiriləcək iclasda baş nazir Rəcəb Tayyib Ərdoğan, baş qərargah rəisi general İlker Başbuğ, bəzi nazirlər və komandirlər, habelə Kəşfiyyat idarəsinin əməkdaşları iştirak edəcək.
Qeyd edək ki, prezident Abdullah Gül sonra ölkə müxalifətinin liderləri ilə daha bir iclas keçirəcək. Bu məqsədlə Cumhuriyyət Xalq partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Baxçalı, Barış və Demokratiya partiyasının (BDP) sədri Səlahəddin Demirtaş “Çankaya köşkü”nə dəvət edilib.
Məlumata görə, Abdullah Gül parlamentdə qrupu olan hər üç partiya lideri ilə təkbətək görüşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: