Bu gün Türkdilli Ölkələrin Media Forumu başlayır
21 Dekabr 2010 Çərşənbə Axşamı 03:40
Forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edəcək
Türkiyə Baş nazirinin müavini Bülənd Arınçın himayəsi ilə Türkiyə Mətbuat, Yayım və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə dekabrın 21-22-də Ankarada Türkdilli Ölkələrin Media Forumu keçiriləcək. “Qloballaşan dünyada media: fürsətlər və problemlər” mövzusunda keçiriləcək forumun açılışında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Baş nazirin müavini Bülənd Arınç, xarici işlər naziri Əhməd Davudoğlu, Türkiyə Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin sədri Bülənd Aras da açılış mərasimində çıxış edəcəklər.
Sonra forum çərçivəsində “Türk dünyasında siyasi, iqtisadi və sosial əməkdaşlığın inkişafında mətbuatın və qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda seminar keçiriləcək. Anadolu agentliyinin baş direktoru Hilmi Bengi Türkdilli Xəbər Agentlikləri Birliyinin fəaliyyəti və həyata keçirilən əməkdaşlıq layihələri barədə məlumat verəcək.
Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kirpdən televiziya, qəzet və informasiya agentliklərinin rəhbərləri türk dünyası mediasının əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Forumun yekunlarına dair Bəyannamə də qəbul olunacaq.
DOSTLARINLA PAYLAŞ: