Bu gün MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək
19 May 2011 Cümə Axşamı 00:15
İclasın gündəliyinə iqtisadi, humanitar, təhlükəsizlik, ərzaq sahələrində əməkdaşlığa dair 19 məsələ daxil edilib
Bu gün Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının 57-ci iclası keçiriləcək. AzərTAc MDB İcraiyyə Komitəsinin Mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasın gündəliyinə iqtisadi, humanitar, təhlükəsizlik, ərzaq sahələrində əməkdaşlığa dair 19 məsələ daxil edilib.

Azad ticarət zonası haqqında Müqavilə layihəsi iclasın əsas məsələsi olacaq. Bu məsələ 2010-cu ildə Rusiyanın MDB-də sədrliyi Konsepsiyasının mühüm bəndi idi. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin işləyib hazırladığı layihə Tacikistan Respublikasının 2011-ci ildə sədrliyi Konsepsiyasında da öz əksini tapmışdır. Bu sübut edir ki, MDB üzvü olan dövlətlərin sədrliyi varislik və nəzərdə tutulanların yerinə yetirilməsi səyləri prinsipləri əsasında həyata keçirilir.

Dünya Ticarət Təşkilatının (DTT) müasir normalarına əsaslanan azad ticarət zonası haqqında yeni Müqavilə azad ticarət zonası barədə 1994-cü il Sazişinin mənəvi cəhətdən köhnəlmiş müddəaların, bu sahə üzrə digər çoxsaylı Sazişləri əvəzləməli və MDB məkanında işgüzar tərəfdaşlığın uğurlu inkişafı üçün etibarlı hüquqi baza olmalıdır.

MDB hökumət başçılarının müzakirəsinə Birlik üzvü olan dövlətlərin 2020-ci ilədək innovasiya əməkdaşlığına dair Dövlətlərarası proqramın ilkin layihəsi təqdim edilir. Həmin proqramın sifarişçi-əlaqələndiricisi MDB-nin Xaricdə Yaşayan Həmvətənlərlə və Beynəlxalq Humanitar Əməkdaşlıq İşləri üzrə Federal Agentlik (Rossotrudnicestvo), Dövlət Universiteti-Ali İqtisad Məktəbidir (Rusiya Federasiyası).

Layihədə innovasiya sahəsində ən mütərəqqi yanaşmalar, məsələn texnoloji platformalar, üstünlük mərkəzləri, habelə Avropa İttifaqının 7-ci Çərçivə Proqramına dair layihələrlə və Asiya-Sakit okean regionu ölkələrinin analoji tədbirləri ilə qarşılıqlı fəaliyyət imkanı verən yanaşmalar öz əksini tapıb.

2010-cu il dekabrın 10-da 2011-ci il MDB-də ərzaq təhlükəsizliyinin yüksəldilməsi ili elan olunmuşdur. Bununla əlaqədar MDB aqrosənaye kompleksi məsələləri üzrə Hökumətlərarası Şura Birliyin üzvü olan dövlətlərlə birlikdə MDB çərçivəsində 2011-ci ildə ərzaq təhlükəsizliyinin yüksəldilməsi ilinin keçirilməsi üzrə tədbirlər Planı layihəsini işləyib hazırlayıb.

Sənəd layihəsinə ərzaq təhlükəsizliyinin yüksəldilməsi məsələlərində MDB üzvü olan dövlətlərin qarşılıqlı fəaliyyətinə dair mühüm təşkilati-texniki tədbirlər daxil edilib. Layihədə bununla əlaqədar elmi tədqiqatlar sahəsində əməkdaşlığın gücləndirilməsinə dair müvafiq tədbirlər nəzərdə tutulub.

MDB Hökumət Başçıları Şurasının müzakirəsinə MDB-nin 20 illiyinə həsr olunmuş Dövlətlərarası sərgiyə hazırlığın gedişi barədə məlumat təqdim ediləcək. Sərginin təşkilatçıları MDB üzvü olan dövlətlərin hökumətləri, MDB İcraiyyə Komitəsi, MDB-nin konqres fəaliyyəti və sərgi-yarmarka üzrə Dövlətlərarası Şurasıdır. Sərgi 2011-ci il iyunun 28-dən iyulun 3-dək Ümumrusiya Sərgi Mərkəzində keçiriləcək, ekspozisiyanın mərkəzi bölməsindən və MDB üzvü olan dövlətlərin milli ekspozisiyalarından ibarət olacaq.

Ekspozisiyanın mərkəzi bölməsi MDB üzvü olan dövlətlərin ötən 20 il müddətində əməkdaşlığının və inteqrasiyasının yekunlarına həsr olunacaq. MDB üzrə sahə əməkdaşlığı orqanları Birlik çərçivəsində müxtəlif sahələr üzrə inteqrasiya proseslərinin möhkəmləndirilməsinə verdikləri töhfəni nümayiş etdirəcəklər.

Sərginin işgüzar proqramının mühüm elementlərindən biri olan “Gənc nəsil - sərhədsiz həyat” humanitar forumunda MDB məkanında dövlət və ictimai strukturların gənclərlə iş üzrə fəaliyyəti üçün praktiki tövsiyələrin hazırlanması və müzakirəsi nəzərdə tutulub.

Mədəni proqram çərçivəsində Mədəniyyət və Xalq Ənənələri Festivalının keçirilməsi planlaşdırılır. Festival çərçivəsində bir sıra tədbirlər - MDB üzvü olan dövlətlərin günləri, ən yaxşı yaradıcı və gənclər kollektivlərinin konsert proqramları keçiriləcək, milli mətbəxlərin fəaliyyəti, milli xörəklərin müsabiqələri və dequstasiyaları, dekorativ tətbiqi sənət məmulatlarını satış-sərgisi, xalq yaradıcılığı məmulatlarının hazırlanması üzrə ustad-dərslər, rəssamların sərgiləri və fotosərgilər təşkil ediləcək, milli müasir moda nümayiş etdiriləcək.

MDB Hökumət Başçıları Şurası Birlik üzvü olan dövlətlərin atom enerjisindən dinc məqsədlərlə istifadəsinə dair 2020-ci ilədək olan dövr üçün “Atom-MDB” əməkdaşlığı” adlı çərçivə əməkdaşlıq proqramını qəbul etməlidir.

Hökumət başçılarına müzakirə və qərarlar qəbul olunması üçün MDB ölkələrinin humanitar sahə üzrə qarşılıqlı fəaliyyətini nizamlayan sənədlər - MDB üzvü olan dövlətlərin mədəniyyət sahəsi üzrə əməkdaşlığı üzrə Konsepsiyası və 2015-ci ilədək mədəniyyət sahəsində əməkdaşlığın əsas tədbirləri layihələri təqdim ediləcək.

MDB üzvü olan dövlətlərin fundamental elm sahəsində əməkdaşlığı üzrə Şuranın yaradılması barədə saziş layihəsi iclasın gündəliyinə daxil edilən və müzakirə olunacaq mühüm məsələlərdən biridir. Layihə ekspert qruplarının iclaslarında işlənib hazırlanmış və razılaşdırılmış, MDB üzvü olan dövlətlərdə müzakirə edilmiş, Saziş layihəsi bu il aprelin 8-də MDB Xarici İşlər Nazirləri Şurasında bəyənilib.

Üçüncü dövlətlərin vətəndaşlarının və MDB üzvü olan dövlətlərin ərazilərinə səfər edən və vətəndaşlığı olmayan şəxslərin Vahid Uçot Sistemi haqqında saziş layihəsi təhlükəsizliyin təmin edilməsi məsələlərinə aid edilir.

Saziş layihəsi MDB-nin Vahid Uçot Sisteminin və uçot məlumatları bankının yaradılmasını, habelə texniki tələblərin, texniki tapşırıqların və vahid uçot məlumatları siyahısının təsdiq edilməsini nəzərdə tutur.

MDB Hökumət Başçıları Şurasının iclasında MDB-nin 2020-ci ilədək İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi mərhələlərində intellektual mülkiyyət sahəsində qanun pozuntuları ilə mübarizə üzrə tədbirlərin müzakirə olunması və təsdiq edilməsi nəzərdə tutulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar