Bu gün İranda prezident seçkiləridir
14 İyun 2013 Cümə 07:13
Seçkilərdə əsas favoritlərdən biri Tehranın meri Məhəmməd Bağır Qalibəfdir.
Bu gün İran İslam Respublikasında 11 prezident seçkiləri keçirilir. Səsvermə prosesi saat 08.00-də başlayacaq və 19.00-da başa çatacaq. Seçkilərlə əlaqədar ölkədə təhlükəsizlik tədbirləri gücləndirilib. Seçkilərdə namizəd qismində 6 nəfər, daha dəqiq desək, 1 islahatçı, 4 mərkəzçi- mühafizəkar və bir qatı mühafizəkar iştirak edir. Seçkilərin favoritlərindən olan Həsən Rohani islahatçıların onun xeyrinə öz namizədliklərini geri götürməsi ilə böyük nüfuz qazanıb. Keçmiş islahatçı prezidentlər, Əkbər Haşemi Rəfsəncani və Məhəmməd Hatəmi öz tərəfdarlarını məhz vahid islahatçı namizədə səs verməyə çağırıb. 64 yaşlı Rohani əvvəllər İranın nüvə danışıqlarını aparıb. O hazırkı prezident Mahmud Əhmədinejədin dünya məsələlərinə aqressiv yanaşmasını qəbul etmir və İranın nüvə proqramı ilə bağlı Qərblə arasındakı gərginliyi səngidə biləcəyini hesab edir. Rohaninin olduqca nüfuzlu Rəfsəncani ilə yaxın münasibətlərinin olması faktı, seçkilərdə onun işinə yarıya bilər.1979-cu il İran inqilabından sonra isə o özünü müxtəlif sahalərdə sınayaraq, deputatdan tutmuş, dövlət telekanalının nəzarətçisinə kimi fərqli vəzifələrdə olub.
Seçkilərdə əsas favoritlərdən biri də Tehranın meri Məhəmməd Bağır Qalibəfdir. Artıq müxalif tərəfdarlardan bir çoxları İran iqtisadiyyatının beynəlxalq sanksiyaların təzyiqi altında geriləməkdə olduğu bir vaxtda onun prezident seçilməsini daha məqsədəuyğun görür. Belə ki, o Tehranda icra başçısı olduğu vaxt ərzində müxtəlif uğurlu layihələr həyata keçirməklə İran cəmiyyətinin bəzi təbəqələrində böyük simpatiya qazanıb. 51 yaşlı Qalibəf paytaxtda çoxsaylı yaşıllıqlar-parklar salmaqla, metro xəttini genişlətməkə, yollar salmaqla bir dinamik lider reputasiyası qazanmış olub. Qalibəf əvvələr inqilab keşikçilər korpusunun komandirlərindən olub və bir müddət keşikçilərin əsas iqtisadi konqlameratlarından birinə rəhbərlik edib. O eyni zamanda İranın dini idarə sisteminə qarşı ən geniş etirazların olduğu 1999-cu ildə İran polis qüvvələrinin başçısı olub.
Namizədlər arasında qatı mühafizəkar, nüvə danışıqları aparan Səid Cəlilinin də şansları yüksək qiymətləndirilir. 47 yaşlı Cəlili ali ruhanilərin çoxu tərəfindən, o cümlədən Ayətullah Əli Xameneyi tərəfindən dəstəklənir. Onun seçkilərdə əsas şüarlarından biri “Güzəştə yox, təslimə yox” deyə səslənir. Ona cəmiyyətdə bir “canlı şəhid” kimi baxırlar. Vətənini qorumaq uğrunda 1980-88-ci illərin iran-iraq müharibəsində iştirak edən Cəlili cəbhədə sağ ayağının bir hissəsini itirib. Analitiklərə görə, qatı-sağçılar onun tərəfindədir, Əhmədinejadın siyasətindən üz döndərən bir çox iranlı vətəndaşlar da onun siyasəti ilə maraqlanmağa başlayıb.
Digər namizəd isə mühafizəkar Əli Əkbər Vilayətidir. Ali dini liderin ali müşaviri olan Vilayəti 1980-88-ci illər müharibə dövründə və 90-cı illərin əvvəlində İranın xarici işlər naziri olub. 67 yaşlı namizədin adı 1994-cü ilə Buenos Ayresdə yəhudi mərkəzində 85 nəfərin həyatına son qoymuş terror aktı törətməktə şübhəli bilinən şəxslər arasındadır. Seçki platformasında əsas diqqət çəkən məqamlardan biri Vaşinqtonla azacıq da olsa münasibətləri yaxşılaşdırmağa meyilli olduğunu açıqlaması olub.
Digər namizədlər keçmiş inqilab keşikçisi komadiri Mohsen Rezai və keçmiş neft və telekomunikasiya naziri Məhəmməd Gərazinin şansları daha az qiymətləndirilir. 58 yaşlı Rezai 2009-cu ildə də seçkilərdə iştirak edib və yığdığı səslərlə 4-cü olub. O hazırda parlamentlə keşikçilər korpusu arasında vasitəçilik edən şuranın katibi vəzifəsində çalışır.71 yaşlı Gerazi isə 1980 və 90-cı illərdə parlament üzvü olub. Mühafizəkar olmağı ilə yanaşı o özünü daha çox texnokrat kimi göstərməyə çalışır.
DOSTLARINLA PAYLAŞ: