Bu gün Çanaqqala zəfərinin 96-cı ildönümüdür
18 Mart 2011 Cümə 05:39
Bu döyüşlərdə 3 mindən çox azərbaycanlı əsgər şəhid olub
Bu gün türklərin Çanaqqala (Dardanel) boğazında müttəfiq Avropa dövlətlərinə qarşı apardığı mübarizədə qazandığı qələbənin 96-cı ildönümüdür.
Çanaqqala müharibəsi, I Dünya Müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə müttəfiq Avropa dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında aparılan dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların (İstanbul-Bosfor və Çanaqqala-Dardanel) idarəsini ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və hərbi ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala Boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkinlər verməsiylə müttəfiq Avropa dövlətləri geri çəkiliblər.
1915-ci il fevral 19-da güclü Fransız qüvvələri ilə İngiltərənin “Yelizaveta” döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başladıb. Admiral da Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə çalışıb. Döyüş vaxtı bir-neçə ingilis və fransız döyüş gəmilərinə böyük ziyan dəyib. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz bir mənəvi qüvvət verib. Bu ağır itkilər müttəfiq dövlətlərə, Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəkləri mesajını verdi. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istədilər. İttifaq Dövlətləri yarımadaya çıxaraq Osmanlı Dövlətini qurudan məğlub etməyi planlaşdırsalar da buna müvəffəq olmayıblar.
Məlumata görə 250 000 osmanlı əsgərinin şəhid olması bahasına əldə olunan qələbə Türkiyə Cumhuriyyətinin quruluşundan sonra parlament qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.
Qeyd edək ki, Çanaqqala müharibəsində 3 000-dən azərbaycanlı əsgər də şəhid olub.
DOSTLARINLA PAYLAŞ: