Bu gün Beynəlxalq Əqli Mülkiyyət günüdür
26 Aprel 2011 Çərşənbə Axşamı 00:24
Bu ilin ilk rübündə Azərbaycanda 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınıb
Aprelin 26-sı bütün dünyada Beynəlxalq Əqli Mülkiyyət günü kimi qeyd edilir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə bu ilin devizi “Gələcəyin planlaşdırılması” elan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Respublikası 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə ÜƏMT-nın bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizə maraq daha da artıb, dünyada gedən qloballaşma prosesi, bazarın liberallaşması, Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaradılması ilə nəticələnib. Əqli mülkiyyət elm, texnika və mədəniyyətin inkişafının mühüm amilidir. Əqli mülkiyyətin mühafizəsi sahəsindəki dövlət siyasəti həm də ölkənin elmi-texniki potensialının saxlanması, qorunması üçün zəruridir.

Ölkənin texniki və iqtisadi siyasətinin həyata keçirilməsində özünəməxsus rol oynayan, intellektual kapitaldan istifadənin genişləndirilməsi və texnoloji inkişafın stimullaşdırılması, kontrafakt malların dövriyyəsinə qarşı mübarizənin genişləndirilməsi və s. kimi sahələrdə işlərin yerinə yetirilməsinə yardım edən patent sistemi sahəsində dövlət siyasəti bu gün də uğurla davam etdirilir. Patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğ¬ra¬fi göstəricilərə) dair idda sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, müvafiq mühafizə sənədləri verilir, bu sahədə hüquqların qorunmasına və beynəlxalq sistemlərə inteqrasiyaya təminat yaradılır, qanunvericiliyə uyğun digər işlər yerinə yetirilir.

Sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2011-ci ilin ilk rübü ərzində patent sahəsinin inkişafı ilə bağlı bir sıra işlər görülüb. Komitənin Patent şöbəsi tərəfindən Cənubi Koreya və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssisləri ilə görüşlər təşkil edilib, ÜƏMT ilə imzalanmış əməkdaşlıq proqramı çərçivəsində “WIPOScan proqramı”nın test versiyası quraşdırılıb, iş prinsipləri ilə tanışlıq aparılıb. Bundan başqa ÜƏMT-nin Əqli mülkiyyət, ənənəvi biliklər, genetik resurslar və folklor üzrə Hökümətlərarası Komitəsinin və Əmtəə nişanları, sənaye nümunələri və coğrafi göstəricilər üzrə Daimi Komitənin iclaslarında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları yaxından iştirak edib. Cari ilin 7-8 aprel tarixlərində Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) təşəbbüsü ilə “Almaniya və Azərbaycanda patent və əmtəə nişanı hüququ” adlı beynəlxalq seminar təşkil olunub.

Bu ilin ilk rübündə 333 ədəd əmtəə nişanı, 18 ədəd ixtira, 9 ədəd sənaye nümunəsi, 3 ədəd faydalı model dövlət qeydiyyatına alınaraq müvafiq mühafizə sənədləri hüquqi sahiblərinə təqdim edilib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar