Bu gün Almaniyada parlament seçkiləridir
27 Sentyabr 2009 Bazar 01:55
Ölkədə hər deputat mandatına orta hesabla 3,5 adam iddia edir
Bu gün Almaniyada parlament seçkiləri keçiriləcək. Seçki məntəqələri yerli vaxtla saat 8.00-da (Bakı vaxtı ilə saat 11.00) açılacaq və səsvermə saat 18.00-dək (Bakı vaxtı ilə saat 21.00) davam edəcək. Birinci ilkin məlumatların açıqlanması Bakı vaxtı ilə saat 23.00-ə təsadüf etməlidir.
Xaricdə yaşayan Almaniya vətəndaşları üçün səsvermə sentyabrın 25-də başa çatıb. Seçki dövründə xaricdə yaşayan vətəndaşlar yalnız poçt vasitəsilə səs verə bilərlər. Cümə günü saat 18.00-dək bülletenləri almaq və onları xüsusi qırmızı zərflərdə Almaniyaya pulsuz göndərmək mümkün idi. Bundestaqın 17-ci çağırışına seçkilər federal büdcəyə təxminən 67 milyon avroya başa gələcək.
Almaniyanın seçki qanunvericiliyinə görə, ölkə ərazisi 299 seçki dairəsinə bölünüb. 16 federal torpaqda seçki dairələrinin sayı əhalinin sayından asılıdır. Daha çox seçki dairəsi Şimali Reyn-Vestfaliya (64 dairə), Bavariya (45 dairə) və Baden-Vürtemberq (38 dairə) federal torpaqlarındadır. Seçki dairələri isə öz növbəsində məntəqələrə bölünür. Bu dəfəki seçkilərdə təxminən 80 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçkilərdə 62,2 milyon Almaniya vətəndaşı iştirak edə bilər. Onlardan 32,2 milyonu qadın, 30 milyonu isə kişilərdir.
Seçkilərə 29 partiya buraxılıb. Aşağıdakı əsas altı siyasi birlik parlamentin ötən çağırışında da təmsil olunub:
Sosial Demokrat Partiyası kansler vəzifəsinə sabiq xarici işlər naziri və vitse-kansler Frank-Valter Ştaynmayerin nəmizədliyini irəli sürür;
Ölkənin hazırkı kansleri Ancela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ);
Bavariya Xristian-Sosial İttifaqı (XSİ )partiya ittifaqı üzrə Xristian-Demokrat İttifaqının müttəfiqidir
Gido Vestervellenin başçılıq etdiyiAzad Demokratik Partiya;
Solçular Partiyası;
Yaşıllar İttifaqı.
Ötən parlamentdə XDİ/XSİ fraksiyası 222, Sosial Demokrat Partiyası 221, “Azad demokratlar” 61, “Solçular” 53, “Yaşıllar” isə 51 yerə malik idi. Hakim koalisiyaya XDS/XSS və Sosial Demokrat Partiyasından olan deputatlar daxil idilər.
Bütövlükdə 598 deputat yerinə 2790 namizəd iddia edir. Beləliklə, hər mandata 3,5 iddialı var. Parlamentin səlahiyyət müddəti dörd ildir.
Almaniyada qarışıq seçki sistemindən istifadə olunur. Belə ki, 299 deputat partiya siyahıları (proporsional sistem), qalanları isə seçki dairələri üzrə (majoritar sistem) seçilir. Minimal keçid həddi 5% səviyyəində müəyyən edilib.
Ölkə ərazisində seçki məntəqələri bağlananadək ilkin nəticələrin elan edilməsi qadağandır. Ona görə də ilkin rəsmi məlumatlar yalnız ilk seçki məntəqələrində səslər sayıldından sonra açıqlanacaq. Lakin ekzit-poll nəticələri yerli vaxtla saat 18.00-da (Bakı vaxtı ilə saat 21.00)-seçki məntəqələri bağlanldıqdan sonra elan ediləcək. Seçkinin yekun mənzərəsinin isə sentyabrın 28-də səhər saatlarında məlum olacağı gözlənilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar