British Airways işçiləri bu gündən yeni tətilə başlayır
30 May 2010 Bazar 02:15
British Airways işçiləri bu gündən yeni tətilə başlayır. Tətil beş gün davam edəcək və tələblər yerinə yetirilməsə, iyunun 5-dən növbəti aksiyaya başlanacaq.
Britaniyanın iri aviaşirkəti olan “British Airways”in işçiləri bu gün beşgünlük tətilə başlayacalar. Onlar şirkət tərəfindən əmək şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə etiraz edirlər.
İlk beşgünlük tətil mayın 24-dən 28-nədək davam etmişdi. Ötən gün “British Airways”in işçiləri bir günlüyə yerlərinə dönsələr də, aviaşirkət cədvəl üzrə planlaşdırılan bütün reysləri həyata keçirə bilmədi.
Beş gün davam edən tətilin yekunlarını dəyərləndirən Unite həmkarlar ittifaqı bəyan edib ki, etiraz aksiyası reyslərin təxminən üçdən birini yerinə yetirməyə imkan verməyib. Bununla belə, aviaşirkət iddia edir ki, uzaq reyslərin 87, yaxın reyslərin isə 100 faizi yerinə yetirilib. Şirkətin məlumatına görə, tətilə baxmayaraq, ümumilikdə 325 min sərnişin daşınıb. Tətil günlərində şirkətin başqa bölmələrinin əməkdaşları etiraz aksiyası keçirən həmkarlarının əvəzinə işləyiblər.
Unite ikinci tətillə də kifayətlənmək niyyətində deyil. Əgər aviaşirkət işçilərə güzəştə getməsə, Üçüncü beşgünlük tətil iyunun 5-də başlamalıdır. Bu arada isə həmkarlar ittifaqı “British Airways” rəhbərliyinə qarşı bəzi tələbləri geri götürüb, yalnız mükafatların verilməsi və işçilərin pulsuz aviauçuş hüququnun tanınması tələblərində israr edir. Aviaşirkət isə bu ilin mart-aprel aylarında keçirilmiş tətillərdə iştirak edən əməkdaşların bonus və güzəştlərini ləğv edib.
Yaxın günlərdə “British Airways”in menecmenti ilə Unite həmkarlar ittifaqı rəhbərliyinin danışıqları bərpa olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: