Britaniyada son 30 ildə ən böyük toy mərasimi baş tutub
29 Aprel 2011 Cümə 22:04
Şahzadə Uilyam və Keyt Midltonun nigaha daxil olmasını 8500 jurnalist işıqlandırıb.
Britaniyalıların həsrətlə gözlədikləri hadisə şahzadə Uilyam və Keyt Midltonun nigah mərasimi baş tutub. Gəlinin atası Vestminster abbatlığınadək qızını müşayiət edib. Onun rəfiqəsi isə bacısı olub. İrlandiya qvardiyası polkovnikinin möhtəşəm qırmızı mundirində olan şahzadə Vilyamın sürücüsü, eləcə də əsas şahidi - qardaşı, şahzadə Harri olub.

Gəlinin kilsəyə daxil olmasından bir neçə dəqiqə sonra Kenterberi yepiskopu Rouen Uilyams cütlüyü ər-arvad elan edib. Gəlin və bəyin üzükləri taxıldıqdan sonra arxiyepiskop dua edib. Hər bir duadan sonra xor ifa edib.

Vesminster abbatlığında nigah mərasimi başa çatdıqdan sonra cütlük Bukingem sarayına gedib. Mərasimdə iştirak etmək üçün abbatlığa 2000-dək qonaq gəlib. Onların arasında futbolçu Devid Bekhem, kinorejissor Qay Riçi, müğənni Elton Con, Pol Makkartni, Stinq, həmçinin Bəhreynin vəliəhd şahzadəsi, Bruney sultanı və Qətər əmiri var.

Nigah mərasimində siyasi liderlərdən isə Böyük Britaniyanın baş naziri Devid Kameron, Avstraliya və Yeni Zelandiyanın hökumət başçıları iştirak edib. Toya tamaşa etmək istəyən minlərlə insan isə cütlüyün keçdiyi yol boyunca düzülüb. Bugünkü toy mərasimini dünyanın 8500-dək jurnalisti işıqlandırıb. Bütün dünyada televiziya ilə birbaşa yayımlanan bu hadisəni 2 milyard insan izləmək imkanına malik olub.

Elə Azərbaycanda yaşayan britaniyalılar da bu möhtəşəm hadisəni dəqiqəbədəqiqə izləyiblər. Belə ki, bir neçə britaniyalı evdə yığışaraq öz şahzadələrinin nigahını əsl bayram havasında qeyd edib. Azərbaycanda yaşayan britaniyalı Trevor Skott deyir ki, onlar üçün bu çox möhtəşəm hadisədir. Onun sözlərinə görə, bunun tarixi kökləri 1000 il bundan əvvələ gedib çıxır: “Hesab edirəm ki, bütün xaricdə yaşayan britaniyalılar üçün bunu izləmək xoş oldu. Əminəm ki, onlar da Vilyam və Keytə xoşbəxtlik arzu edir”.

Azərbaycanda yaşayan digər britaniyalı Janis Skott isə bildirib ki, onlar dostları ilə yığışıb bu toyu qeyd edib: “Gəlin çox gözəldir. Onun gəlinlik paltarı çox eleqantdır”.

Britaniyalıların sözlərinə görə, şahzadə Vilyamın ledi Diananın oğlu olması bu hadisəni daha da şan-şöhrətli edir. Sonuncu dəfə belə mərasim elə şazhadə Çarlzla ledi Diananın nigahı olub. Belə ki, son 30 ildə bu, Britaniyada baş tutan ən böyük mərasimdir. İndi britaniyalılar bu cütlüyə böyük ümidlər bəsləyirlər.

Qeyd edək ki, cütlüyün ər-arvad elan olunmasından sonra onlara Kembric hersoqu və hersoqinyası titulu verilib. Bu titulun verilməsi qərarını isə kraliça II Elizabet tapşırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar